Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini nifrət, düşmənçiliyin salınmasına yönələn materialların yayılması ilə bağlı cinayət işi başlanıb. Türkiyə vətəndaşı, jurnalist Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edilib.


Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, eləcə də zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması ilə bağlı araşdırmalar aparılıb. Sezar pizza


Araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra çevrilişə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini radikalizmin təşviqinə yönələn materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış məzmunların təkrar yayıldığı müəyyən edilib.


Toplanmış materiallar əsasında oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.


Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin əməllərinin araşdırılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir.


Baş Prokurorluqdan qeyd olunub ki, cinayət işi üzrə materialların hazırlanması və yayılması halları, eləcə də iş üçün əhəmiyyətli digər məsələlər araşdırılır. Əməllərə hüquqi qiymət verilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.


Baş Prokurorluq vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.


Aytac Əliyeva



Telegram kanalımız