Azərbaycanda ailələr gündəlik xərclərini qarşılamaq üçün getdikcə daha çox borca üz tuturlar. Bəziləri ev və avtomobil almaq, digərləri isə toy etmək, təhsil haqqını ödəmək, müalicə olunmaq və ya telefon almaq üçün kredit götürür.
Bəs ailələrimiz ən çox hansı səbəblərdən borclanır və bu borcları qaytarmaq onlar üçün nə dərəcədə çətin olur?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, borc götürmək insanın öz seçimindən asılıdır: pizza mizza
“Borclanmamaq və borc götürməmək insanların öz qərarıdır. Məsələn, kimsə telefon almaq üçün borc götürürsə, bu, onun şəxsi seçimidir. Eyni zamanda, hamı maşın almaq üçün də borclanmalı deyil. İnsanlar maşın almaq əvəzinə, ev almaq üçün 10, 20, hətta 30 il pul yığa bilərlər. Borclanma nədir? İnsan əlində olmayan pulu xərcləyərək istəklərini həyata keçirməyə çalışır.
Borclanmaq özlüyündə pis deyil. Əsas məsələ götürdüyün borcu qaytara bilməkdir. İnsanlar zəruri ehtiyacları üçün borclana bilərlər, amma zəruri olmayan şeylərə görə borca girməkdən çəkinməlidirlər. Çünki borc faizlə qaytarılır. İnsan bəzən səbir edə bilmir, istədiyi şeyə dərhal sahib olmaq istəyir və buna görə borc götürür. Borclanmaq qərarı şəxsin özündən asılıdır. Dövlət isə insanların öz imkanlarına uyğun yaşaması üçün şərait yaratmalıdır”.
İqtisadçı deyib ki, banklar da hər adama kredit vermir. Əsasən, borcu qaytara biləcəyinə əmin olduqları şəxslərə pul ayırırlar:
“Nəzərə almaq lazımdır ki, banklar da hər kəsə kredit vermir. Əsasən, borcu qaytarmaq imkanı olan şəxslərə kredit ayrılır. İnsanlar borclanmamaq üçün öz gəlirlərini nəzərə almalı, imkanlarına uyğun seçim etməlidirlər. Məsələn, telefon almaq istəyən şəxs mütləq 2-3 min manatlıq model seçməməlidir. Daha ucuz, 200-300 manatlıq telefon da ala bilər. İnsanlar öz gəlirlərinə və maddi imkanlarına uyğun yaşamalı, necə deyərlər, ayaqlarını yorğanlarına görə uzatmalıdırlar”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız