Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi ölkədə narazılıq və incikliyə səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib.
"Yeni Sabah" xəbər verir ki, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
O, fikirlərini ifadə edərkən seçdiyi sözlərin məqsədini aşdığını etiraf edib. pizza mizza
Jurnalist bildirib ki, məqsədi bir media nümayəndəsi kimi hicabla bağlı həssaslığını, din və vicdan azadlığına dair düşüncələrini ifadə etmək olub. Lakin fikirlərini çatdırarkən istifadə etdiyi dilin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli olduğunu vurğulayıb.
Celal Çiftçi Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bildirib.
Dini nifrət, düşmənçilik və ayrı-seçkilik yaratmaq ittihamlarını da qəbul etmədiyini qeyd edib. Jurnalist zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd etdiyini, heç kimi qanunsuz hərəkətlərə çağırmadığını vurğulayıb.
O, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını bildirib. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin konstitusion institutlarına aid olduğunu qeyd edib.
Hicabla bağlı mövqeyini açıqlayan jurnalist başını örtən və örtməyən hər kəsin ləyaqətinə, hüquqlarına və azad iradəsinə hörmət etdiyini bildirib. O, bu mövzuda fikirlərini yalnız hüquq, qarşılıqlı hörmət və dinc dialoq çərçivəsində ifadə etmək istədiyini deyib.
Celal Çiftçi həmçinin ifadə və mətbuat azadlığından istifadə edərkən başqalarının hüquqlarını, ictimai sülhü və sözlərinin məsuliyyətini nəzərə almalı olduğunu etiraf edib. Bu yanaşmaya uyğun olaraq uyğun hesab etmədiyi paylaşımları sildiyini və bundan sonra daha diqqətli olacağını bildirib.
O, açıqlamalarının bütövlükdə və kontekst nəzərə alınmaqla ədalətli qiymətləndirilməsini istəyib.
"Qardaşlığımıza zərər vurmaq istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün üzgünəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha səmimi-qəlbdən üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm", - deyə jurnalist bildirib.
O, paylaşımını "İki dövlət, bir millət" ifadəsi ilə tamamlayıb./Oxu.az
Telegram kanalımız