Müasir cəmiyyətdə valideyn-övlad münasibətlərində ən çox rast gəlinən, lakin əksər hallarda gözəgörünməz qalan emosional təzyiqlərdən biri də “mənəvi borc” anlayışıdır. “Biz səni böyütdük, yemədik yedirtdik, geyinmədik geyindirdik” kimi cümlələri çox zaman sadə bir fədakarlıq etirafı kimi görünsə də, əslində gənclərin çiyinlərinə qoyulan ağır bir yükə çevrilir. Valideynlər öz reallaşdıra bilmədikləri arzularını, yarımçıq qalmış xəyallarını və gələcək planlarını övladlarının boynuna bir vəzifə kimi yükləyirlər. İxtisas seçimindən tutmuş, evlilik qərarlarına və hətta harada yaşayacaqlarına qədər hər bir addımda bu “borcluluq” hissi gənclərin öz müstəqil seçim etməsinə mane olur. Bəs görünməz çərçivələrlə əhatələnmiş bu emosional təzyiq gənclərin psixologiyasına, şəxsi inkişafına və gələcək ailə münasibətlərinə necə təsir edir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, Azərbaycanda bir çox valideyn övladına şəxsiyyət kimi deyil, şəxsi mülkiyyəti kimi yanaşır:
“Biz səni böyütmüşük” ifadəsi övladın qərarlarına təsir göstərmək, onda günahkarlıq yaratmaq və itaət tələb etmək üçün işlədiləndə emosional manipulyasiyaya çevrilir. Valideynin çəkdiyi zəhmət övladın həyatını idarə etmək hüququ yaratmır. pizza
Ata və ana olmaq bioloji fakt, valideyn olmaq isə sosial məsuliyyətdir. Valideynlik fədakarlıq tələb edir, lakin bu fədakarlıq övlad üzərində mülkiyyət hüququ vermir. Uşağa hər yaşda şəxsiyyət kimi yanaşmaq, fikirlərinə hörmət etmək və müstəqilliyini dəstəkləmək lazımdır. Valideynliyin məqsədi özünə borclu insan yetişdirmək deyil, müstəqil şəxsiyyət formalaşdırmaqdır.
Valideyn öz yarımçıq arzularını övladının gələcəyi kimi təqdim etdikdə uşağın fərdi maraqları və istəkləri arxa plana keçir. İstəmədiyi fəaliyyətlərə məcbur edilən uşaqda aqressiya, narazılıq, özünəinamın azalması və qərarvermə çətinlikləri yaranır. O, öz istəyini müəyyənləşdirmək əvəzinə, valideynin ondan nə gözlədiyini düşünür. Uzunmüddətli təzyiq daxili ziddiyyətlərə və depressiv əlamətlərə səbəb olur.
Uşağı hər sahədə mükəmməl yetişdirmək cəhdi onun diqqətini parçalayır, maraqlarını səthiləşdirir və özünü tanımasına mane olur. Hər şeyi bacarmalı olduğunu düşünən uşaq uğursuzluğu şəxsi dəyərsizlik kimi qəbul edir. Uşaq valideynin yarımçıq həyatını tamamlamaq üçün dünyaya gəlmir. Onun öz maraqlarını müəyyənləşdirmək, seçim etmək, səhv etmək və məsuliyyət daşımaq haqqı var”.
Psixoterapevt qeyd edib ki, valideynin davamlı müdaxiləsi gəncin öz qərarlarına inamını zəiflədir:
“Gənc peşə seçərkən maraqlarını deyil, valideynin razılığını əsas götürür, münasibətlərdə isə öz seçiminə deyil, ailəsinin mövqeyinə üstünlük verir. Nəticədə insan öz həyatının qərarverəni olmaqdan çıxır və başqalarının gözləntilərinə uyğun yaşamağa başlayır. Bu asılılıq gələcək ailəsində də qərarsızlıq, münaqişə və sərhəd problemləri yaradır.
Həyat yoldaşını valideynin istəyinə əsasən seçmək sağlam ailə qurmağın təminatı deyil. Ananın qız üçün ən yaxın rəfiqə, atanın oğul üçün əsas nümunə olması həyat yoldaşı seçiminin meyarına çevrilməməlidir. Ailə qurmaq psixoloji uyğunluq, ortaq dəyərlər, məsuliyyət və münaqişələri həll etmək bacarığı tələb edir. Valideyn övladının həyat yoldaşını seçməməli, sağlam seçim etmək bacarığını formalaşdırmalıdır.
Gənclər gələcəkləri ilə bağlı mövqelərini aydın bildirməli və qərarlarının məsuliyyətini öz üzərlərinə götürməlidirlər. “Fikrinizi eşidirəm, amma bu qərarı özüm verəcəyəm” demək hörmətsizlik deyil, şəxsi sərhədin ifadəsidir. Valideynin hər narazılığı qarşısında geri çəkilmək müdaxiləni gücləndirir. Sərhəd yalnız sözlə deyil, ardıcıl davranışla qorunur.
Azərbaycanda bir çox ailədə münasibətin davamlılığı ailə üzvlərinin xoşbəxtliyindən üstün tutulur. İnsanlar ailədə münaqişə yaranmasın deyə öz istəklərindən və seçimlərindən imtina edirlər. Nəticədə ailə zahirən qorunur, amma insanın daxili rahatlığı və müstəqilliyi zədələnir. Əsas sual budur: ailənin davamlılığı vacibdir, yoxsa həmin ailədə yaşayan insanların xoşbəxtliyi? Sağlam ailə itaət üzərində deyil, qarşılıqlı hörmət üzərində qurulur”.
R.Nəcəfov bildirib ki, övlad valideyninə sevgi və hörmət əsasında qayğı göstərirsə, bu, sağlam münasibətdir:
“Valideynin çəkdiyi zəhmət davamlı xatırladılaraq övladdan itaət, şəxsi seçimlərindən imtina və günahkarlıq tələb edilirsə, mənəvi borc psixoloji təzyiq vasitəsinə çevrilir. Sevgi insanı qayğı göstərməyə sövq edir, qorxu və günahkarlıq isə məcbur edir. Bu iki münasibəti bir-birinə qarışdırmaq olmaz.
Ata və ana insanın seçimi deyil, gələcək ailə isə insanın öz seçimidir. Övladın sağlamlığı, təhlükəsizliyi və inkişafı valideynin məsuliyyətidir. Valideyn yaşlandıqda ona qayğı göstərmək insani dəyərdir, lakin bu qayğı övladın öz həyatını və ailəsini məhv etmək bahasına tələb edilə bilməz. Övlad valideyninə həyatını borclu deyil. O, həyatını valideynindən alıb, amma həmin həyatı necə yaşayacağına özü qərar verməlidir”.
Aydan Hacı
Telegram kanalımız