Xarici mənbələr bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadan təkcə Donbası deyil, daha geniş siyasi güzəştlər tələb edir. ABŞ Prezidenti Donald Tramp isə bir ildir Kiyevə təzyiq göstərir ki, müharibənin dayandırılması üçün Donbasın Moskvaya verilməsinə razı olsun.




Putin deyib ki, Ukrayna qoşunlarını bütün Donbasdan çıxarmadan müharibə bitməyəcək. Xarici analitiklər hesab edir ki, Moskvanın məqsədi yalnız ərazi deyil, həm də Kiyevdəki qərbyönümlü hökumətin, xüsusilə Prezident Zelenskinin hakimiyyətdən uzaqlaşdırılmasıdır.


 


Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin dayandırılması üçün Kiyevə daha ciddi təzyiqlər göstərir və Donbasın qalan hissəsinin Moskvaya verilməsini tələb edir. 




O qeyd etdi ki, lakin Ukrayna rəhbərliyi, o cümlədən Prezident Zelenski, bu şərtlərlə qəti şəkildə razılaşmır:


 


"Zelenskinin dəyişdirilməsi ideyası da buradan irəli gəlir. Amma mövcud prezidentin dəyişdirilməsi real görünmür, çünki bunun üçün seçki keçirilməlidir. Müharibə şəraitində isə seçki və ya referendum təşkil etmək praktiki olaraq mümkünsüzdür. Buna görə də proses çıxılmaz vəziyyətə yaxınlaşır. Bu məsələdə Avropa İttifaqı Ukraynanı açıq şəkildə müdafiə edir. Hazırda 20 maddədən ibarət sazişdən danışılır və burada Ukraynanın maraqlarının nəzərə alındığı bildirilir. Sənədin detalları rəsmi olaraq açıqlanmasa da, ekspertlərə görə layihədə Donbasın təxminən 30 faizinə Rusiyanın nəzarəti, həmçinin Ukraynanın NATO-ya üzv olmaması kimi bəndlər nəzərdə tutulur”.


 



Politoloq söylədi ki,  bununla yanaşı, 2027-ci ilin yanvarından etibarən Ukraynanın Avropa İttifaqına qəbul olunması ehtimalı da gündəmdədir. Onun sözlərinə görə, bu ehtimal da Ukraynanın müqavimət əhvalını gücləndirir: 




“Təhlükəsizlik təminatları ilə bağlı olaraq NATO-nun 5-ci maddəsinə bənzər bir mexanizmin tətbiqi müzakirə olunur, amma bunlar hələlik qeyri-rəsmi məlumatlar səviyyəsindədir. Ümumilikdə Avropa ölkələri və NATO Ukraynanı dəstəkləyirlər, Tramp isə daha çox Moskvanın mövqeyinə yaxın görünür. Bütün bu amillər fonunda, böyük ehtimalla, Ukrayna nə Rusiyanın, nə də ABŞ-nin təklif etdiyi planlarla razılaşacaq və Avropa İttifaqı Kiyevin yanında qalmağa davam edəcək. Bu səbəbdən yaxın zamanda münaqişənin həll olunacağı real görünmür”.


 


Fidan Hacızadə

Sfera.az