“Counterpoint Research”in dərc etdiyi yeni hesabat 2025-ci ilin üçüncü rübündə qlobal smartfon bazarının liderlərini müəyyənləşdirib. 




Sfera.az xəbər verir ki, məlumata əsasən, “iPhone 16” bu dövrdə dünyanın ən çox satılan ağıllı telefonu olub.




Yeni “iPhone 17” seriyası satışa çıxmasına baxmayaraq, “iPhone 16”nın populyarlığı azalmayıb və model 4% qlobal bazar payı ilə birinci yerdə qərarlaşıb.

Hesabata görə, “iPhone 16”nın uğurunda xüsusilə Hindistanda il sonu kampaniyaları zamanı artan tələbat mühüm rol oynayıb.




Bununla yanaşı, Yaponiya bazarında satışların canlanması da “Apple”ın nəticələrinə müsbət təsir göstərib.




Qlobal miqyasda ən çox satılan ilk 10 smartfon siyahısı tarixdə ilk dəfə “Apple” və “Samsung” arasında bərabər şəkildə bölünüb. Hər iki şirkət siyahıya beş model daxil etməklə yarımillik üzrə ümumi smartfon satışlarının təxminən 20%-ni formalaşdırıb.




“Samsung” tərəfində ən çox satılan “Android” modeli “Galaxy A16 5G” olub. Bu nəticə, istifadəçilərin münasib qiymətə təqdim edilən 5G modellərinə marağının davam etdiyini göstərir.




Şirkətin orta seqmentdə təqdim etdiyi “Galaxy A36” və “Galaxy A56” modelləri də süni intellekt funksiyaları və uzunmüddətli proqram dəstəyi ilə siyahıya daxil olmağı bacarıb.




“Samsung”un premium modeli “Galaxy S25 Ultra” isə gözlənilən satış göstəricisinə nail olmayaraq ilk 10-luğa düşməyib. Əvəzində bazarlarda yüksək satış edən “Galaxy A16 4G” və “Galaxy A06” modelləri siyahıda yer alıb.




3-cü rübdə ən çox satılan TOP-10 smartfon modelləri:




1. "Apple iPhone 16"

2. "Apple iPhone 16 Pro"

3. "Apple iPhone 16 Pro Max"

4. "Apple iPhone 16e"

5. "Samsung Galaxy A16 5G"

6. "Samsung Galaxy A06"

7. "Samsung Galaxy A36"

8. "Samsung Galaxy A56"

9. "Samsung Galaxy A16 4G"

10. "Apple iPhone 17 Pro Max"


 


Bəsti Rəfizadə

Sfera.az