ABŞ yeni milli təhlükəsizlik strategiyası hazırlayıb. İddialara görə, bu strategiya ABŞ-ni NATO dan uzaqlaşdıra bilər.
Bu fonda ortaya çıxan əsas sual budur: ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasının Aİ-yə təzyiq vasitəsi kimi qiymətləndirilməsi nə dərəcədə əsaslıdır və bu yanaşma NATO-nun birliyinə real risk yarada bilərmi?
Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında son zamanlar ciddi gərginliklər yaşanmağa başlayıb. Onun sözlərinə görə, Ukrayna müharibəsi fonunda hər iki tərəf sülh planı hazırlayıb:
“ABŞ-nin 28 bəndlik sülh planı Avropa İttifaqı tərəfindən qəbul edilməyib və buna qarşı olaraq 24 bəndlik sülh planı ortaya atılıb. Reallıqda görünən odur ki, bütün istiqamətlər ABŞ-nin sülh planının, yəni Trampın sülh planının həyata keçirilməsinə hesablanıb. Zənn etmirəm ki, ABŞ-nin milli təhlükəsizlik strategiyası Avropaya qarşıdır. Çünki, ABŞ də yaxşı bilir ki, sonunda Trampın sülh planı Ukrayna müharibəsinin bitməsinə səbəb olacaq. Bunun başqa yolu yoxdur. Çünki, NATO-nu ən çox maliyyələşdirən ölkə ABŞ-dir. ABŞ faktiki olaraq, NATO-nun əsas aparıcı üzvüdür”.
Politoloq qeyd edib ki, Avropa ölkələri də ABŞ-nin bu yolu getməməsi üçün əlindən gələni edəcəklər:
“Həm də bilirlər ki, ABŞ-Rusiya yaxınlığı Avropanın istənilən ölkəsinin sonu ola bilər. Bu baxımdan düşünürəm ki, gərginlik çox davam etməyəcək. Yaxın zamanda Ukraynada Tramp planı həyata keçəcək və Avropa İttifaqı ölkələri də bunu qəbul etməyə məcbur qalacaqlar. Düşünürəm ki, artıq proseslər də buna doğru gedir. Heç bir Avropa ölkəsi ABŞ-nin Rusiya ilə bu qədər yaxınlaşmasına göz yuma bilməz. Ona görə də, narahatlığa bir gərək yoxdur. ABŞ-nin təhlükəsizlik strategiyası heç bir halda Avropa İttifaqına qarşı yönələ bilməz. Sadəcə, bu cür açıqlamalar gözləniləndir. Çünki, Avropa İttifaqı da bumeranq rolu oynayan bir anla üzləşib. Çünki, rəsmi Vaşinqtonun sərt platformada sülh planı hazırlayacağını və Ukraynanın kapitulyasiya sənədinə imza atacağı tipli bir sənəd hazırlayacağını gözləmirdi. Amma istənilən halda, Avropa İttifaqı bu dirənişi çox davam etdirə bilməz”.
Niyaz Hacıyev
Sfera.az