ABŞ bildirib ki, Türkiyə “F-35” qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır. ABŞ səfiri deyib ki, ABŞ qanunvericiliyinə əsasən, Türkiyə “F-35” proqramına qayıtmaq üçün “S-400” sisteminə sahib ola və ya onu istismar edə bilməz.
Maraqlıdır, Türkiyə ABŞ-nin tələblərinə uyğunlaşacaqmı?
Məsələ ilə bağlı hərbi ekspert Anar Şuşalı Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, ABŞ-nin rəsmi mövqeyi açıqdır - Türkiyə “F-35” proqramına qayıtmaq istəyirsə, “S-400” sistemi fiziki olaraq ölkədə mövcud olmamalıdır.
Onun sözlərinə görə, söhbət yalnız “istismar etmirik” deməkdən getmir, sistem ya tam deaktiv edilməli, ya da ölkə ərazisindən çıxarılmalıdır:
“Hazırkı balans göstərir ki, Türkiyə rəsmi olaraq “S-400” sistemini silah sistemlərindən çıxarmaq kimi ciddi addım atmayıb, yalnız bəzi məhdudlaşdırıcı və ya passiv status təklif edir. ABŞ isə bu cür deaktivasiya variantlarının kifayət etmədiyini bildirir”.
Ekspert bu addımın Türkiyə üçün bir sıra mümkün nəticələrə gətirib çıxara biləcəyini qeyd edib:
“Tam fiziki və davamlı olaraq “S-400” sistemlərinin Türkiyə torpağından çıxarılması, ya da fiziki olaraq sökülüb, ya xaricə və ya mümkünsə Rusiyaya geri göndərilməsi ABŞ üçün ən etibarlı ssenari olar. Bu baxımdan hüquqi konvensiya zəmanətli nəzarət mexanizmi işlədikdən sonra əgər sistem Rusiyadan alınanda istifadəçi sertifikatı varsa, onun üçüncü ölkəyə satışı və ya transferi üçün Moskvanın razılığı tələb oluna bilər. Bu isə əlavə diplomatik maneələr deməkdir. Bundan başqa Türkiyə bu addımlardan ən azı birini xüsusilə tam ləğv və ya fiziki çıxarış reallaşdıra bilsə, “F-35” proqramına dönüş üçün texniki praktik əsasları təmin etmiş olardı. ABŞ-dəki və NATO-dakı digər güclər geosiyasi narahatlıqlar Türkiyənin regiondakı siyasətini və Rusiyaya yaxınlaşma meyllərini NATO daxilində nəyinki narahatlığa gətirib çıxara bilər. “Reuters”in 2025 dekabrındakı yazısına görə, Türkiyə və ABŞ CAATSA sanksiyaları və “S-400” məsələsini çox tezliklə həll etmək ümidindədir”.
A.Şuşalının fikirlərinə əsasən, əgər Türkiyə siyasi iradə göstərərək “S-400” sistemlərini ləğv edərsə “F-35” proqramına qayıtmaq prinsipcə mümkün olacaq:
“Əgər Türkiyə siyasi iradə göstərərək “S-400” sistemlərini fiziki olaraq ləğv edərsə və bunu ABŞ-nin istəyi altında edərsə, “F-35” proqramına qayıtmaq prinsipcə mümkün olacaq. Ancaq bu, sadə “sözdə razılıq” deyil, ciddi əməli addımlar tələb edir. Silah sisteminin tam çıxarılması, Rusiyaya və ya başqa ölkəyə verilməsi uzunmüddətli bir proses olaraq qalacaq. Həmçinin ABŞ və NATO daxilində Türkiyəyə qarşı yaranmış etimad problemi tam aradan qalxmalıdır. “F-35” yalnız silah deyil, strateji texnologiya və müttəfiqlik etimadının simvoludur. Beləliklə Türkiyə öz istəyinə uyğunlaşa bilər, amma bu, teatrik bir jest yox, real, ciddi və davamlı dəyişiklik tələb edir. Hazırkı vəziyyət hələ yolun başıdır, nəticə isə praktiki addımlar və ABŞ-nin mövqeyindən asılıdır”.
Bəsti Rəfizadə
Sfera.az