Avropa ölkələri Ukrayna müdafiə naziri Rüstəm Umerovun təqdim etdiyi planın son versiyası üzərində danışıqlar aparır. Prezident Volodimir Zelenski bildirib ki, sənəd hazır olanda ABŞ-yə göndəriləcək. Onun sözlərinə görə, əvvəlki 28 bənddən 8-i çıxarılıb və sənəd 20 maddəlik formaya salınıb. Zelenski əsas problemin ərazi məsələsi olduğunu deyib. O vurğulayıb ki, bu məsələ həll edilmədən sülh mümkün deyil.


 


Politoloq Sultan Zahid Sfera.az-a açıqlamasında bildirib ki, avropalılar hazırda Donald Trampın təklif etdiyi 28 maddəlik plan üzərində işləyirlər.


 


Onun sözlərinə görə, Ukrayna bu planla bağlı ciddi narahatdır:


 


"Xüsusilə ərazi güzəştləri və ordunun azaldılması Kiyevin qəbul etmədiyi bəndlərdir. Ukrayna torpaqlarından imtina etmək niyyətində deyil".


 



 


Ekspert əlavə edib ki, Avropanın mövqeyi tarixi təcrübədən qaynaqlanır:


 


"Avropalılar hesab edirlər ki, Rusiyanın tam qələbəsi Moskvanın növbəti hədəfinin Avropa olması riskini artırır. Qitədə hələ də 1938-ci ilin “Münhen qorxusu” yaşanır. O zaman Avropa dövlətləri Hitlerin Çexoslovakiyanın bir hissəsini işğal etməsinə göz yumdu, lakin bu, daha böyük müharibəyə yol açdı. Avropa bu dəfə Ukraynanın geri addım atmamasını təmin etməyə çalışır".


 


Sultan Zahid qeyd edib ki, ABŞ üçün əsas məqsəd atəşkəsə nail olmaq və insan tələfatını dayandırmaqdır:


 


"Lakin mövcud şərtlərlə 28 maddəlik planın Ukrayna tərəfindən qəbul edilməsi real görünmür. Vaşinqton Ukraynanın təkliflərini nəzərə alaraq yeni versiya hazırlayıb və Moskvaya təqdim edib. Rusiya tərəfindən qəbul edilməməsi ehtimalı isə yüksəkdir. Buna görə də yaxın aylarda sülh sazişinin imzalanması gözlənilmir. Əgər bu ay nəticə əldə olunmasa, gələn aydan ABŞ danışıqları yenidən intensivləşdirəcək".


 


Politoloq Ülviyyə Zülfiqar isə bildirib ki, Kiyev hazırda sülhün ən çətin məsələsi olan ərazi mövzusuna diqqət yetirir:


 


"Zelenskinin 8 bəndi çıxarması və Ukraynanın maraqlarına uyğun müddəaları saxlamağı daha praqmatik yanaşma kimi görünür. Lakin Zelenski də deyir ki, ərazi məsələsi həll olunmadan sülh mümkün deyil".


 



Ülviyyə Zülfiqarın sözlərinə görə, Ukrayna ərazi bütövlüyü və təhlükəsizlik zəmanətlərini əsas götürür:


 


"Rusiya isə ərazilərin statusunu öz maraqları çərçivəsində müəyyənləşdirmək istəyir. Bu, danışıqları çətinləşdirir. Avropa İttifaqı və ABŞ planın son versiyasını gözləyir. İrəliləyişin Qərbin vasitəçiliyi ilə mümkün ola biləcəyi ehtimal olunur".


 


Bəsti Rəfizadə

Sfera.az