Çərşənbə axşamı Sudanda “İl-76” tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb və göyərtədə olan bütün heyət üzvləri həlak olub. Hadisə ilə bağlı yayılan məlumatda bildirilir ki, təyyarə texniki nasazlıqdan sonra Qırmızı dəniz sahilindəki Port Sudan şəhərində yerləşən Osman Diqna Hava Bazasına təcili eniş etməyə cəhd edib, lakin buna nail ola bilməyib.


 


Qeyd edək ki, “İl-76” təyyarələri SSRİ dövründə hazırlanmış ağır hərbi-nəqliyyat hava vasitələridir. İlk uçuşunu 1971-ci ildə edən bu tip təyyarələr bu gün də dünyanın onlarla ölkəsində həm hərbi, həm də humanitar daşımalar üçün istifadə olunur. Yükqaldırma qabiliyyəti 40 tondan 60 tona qədər dəyişən “İl-76” əsasən personalın daşınması, texnika transferi və fövqəladə əməliyyatlarda tətbiq edilir. Bununla belə, son illər bu model təyyarələrlə bağlı hadisələrin artması onların istismar müddətinin çox uzun olması və avadanlığın köhnəlməsi ilə əlaqələndirilir.


 


Xüsusilə mühərriklərin köhnə texnologiya əsasında hazırlanması, avionika sistemlərinin müasir standartlara cavab verməməsi, həmçinin texniki xidmətdə çətinliklər “İl-76” təyyarələrinin təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bu tip hava vasitələrinin çoxu artıq resursunun son mərhələsinə yaxınlaşır və bir sıra ölkələr yeni nəsil nəqliyyat təyyarələrinə keçid planlaşdırır.


 


“İl-76” təyyarələrinin artmaqda olan qəzaları və onların texniki baxımdan köhnəlməsi fonunda Azərbaycan bu təyyarələrdən istifadəyə davam etməlidirmi yoxsa daha müasir yük təyyarələrinə keçid nəzərdən keçirilməlidir?


 


Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Emin Həsənli bildirib ki, heç bir texnikanın sahibi qəza olmayacağına dair zəmanət verə bilməz:


 



 


“Bu yaxınlarda qardaş Türkiyənin yükdaşıma təyyarəsi qəzaya uğradı. Qəzanın baş verməsi həmin texnikanın Rusiya və ya ABŞ istehsalı olmasından asılı deyil. Bu cür hadisələr baş verir. Gələcəkdə də heç bir təyyarə istehsal edən ölkə və ya şirkət onun texnikasında qəza olmayacağı ilə bağlı yüz faizlik sığorta verə bilməz. İndiyədək belə şey olmayıb, gələcək də yəqin olmayacaq. Təbii ki, müqayisəli baxsaq, yeni texnikalar daha yaxşı və təhlükəsizdir”.


 


E.Həsənli nəzərə çatırıb ki, ölkəmizdə hər il texnikaların yenilənməsi istiqamətində büdcədən vəsait ayrılır:


 


“Azərbaycan dövləti son dövrlərdə həm hava, həm quru, həm də su qoşunları üçün xeyli sayda yeni texnikalar alıb. Bu proses davam edir. Yaxın gələcəkdə bütün texnikaların yenilənməsi nəzərdə tutulur. Digərlərinə isə “keçmiş texnikadır” deyib birdən-birə sıradan çıxarmaq düzgün deyil. Bu, xeyli iqtisadi çətinliklərə başa gəlir. Hər şeydən vacib insan həyatıdır. Azərbaycan dövləti bunun üçün xeyli işlər görür. Alınan yeni təyyarələr ölkə əhalisin sayına və iqtisadi vəziyyətinə görə dünya ölkələri arasında ilk sıralardan birini tutur”.


 


Firuzə Əliyeva


Sfera.az