2025-cı ildə bir sıra regionlarda dövlətlər arasında qarşıdurmaların yumşalması üçün diplomatik fəaliyyətlər güclənsə də, paralel olaraq yeni risk ssenariləri də formalaşır. Müxtəlif münaqişə zonalarında vasitəçilik cəhdləri artıb, bəzi ölkələr arasında barışıq danışıqları intensivləşib.
2026-cı ildə qlobal sülh mənzərəsi necə proqnozlaşdırılır? Hansı münaqişə bölgələrində barışıq perspektivləri görünür və hansı regionlarda yeni gərginlik ssenariləri ehtimal olunur?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov xatırladıb ki, 2025-ci il kifayət qədər gərgin keçdi:
“Dünyada siyasi vəziyyət xeyli kəskinləşdi, mövcud qarşıdurmalar davam etdi, yeni münaqişələr yarandı, köhnə münaqişələr isə yenidən alovlandı. Rusiya-Ukrayna savaşı ilə yanaşı Hindistan-Pakistan arasında 4 günlük döyüşlər, İran-İsrail arasında 13 günlük müharibə, İsrailin Livan və Qəzza zolağında apardığı əməliyyatlar, eləcə də Kamboca-Tailand arasındakı gərginlik bu ilin nə qədər çətin olduğunu göstərdi. Bu münaqişələrin çoxu qısa müddətdə atəşkəslə dayandırıldı. Lakin Rusiya-Ukrayna savaşı hələ də davam edir və onun nə vaxt bitəcəyinə dair dəqiq fikir söyləmək mümkün deyil. Hazırda ciddi müzakirələr gedir, ABŞ isə Ukraynaya təzyiq göstərərək prosesi yekunlaşdırmağa çalışır”.
Politoloq 2026-cı ilin də sakit keçəcəyinin gözlənilmədiyini əlavə edib:
“Yeni dünya nizamı formalaşır və bu proses sakit deyil, əksinə, gərginliklə müşayiət olunur. Trampın da tez-tez vurğuladığı kimi, dayandırılmış münaqişələr yenidən aktivləşə bilər. Çünki bu münaqişələrin əksəriyyəti köhnə qarşıdurmalardır və onlar köklü şəkildə həll edilmədiyi üçün zaman-zaman təkrarlanır. Bundan əlavə, 2026-cı ildə Cənubi Koreya ilə Yaponiya arasında artıq mövcud olan gərginlik müəyyən qədər arta bilər. Ümumilikdə, gərginlik mərkəzi Avropa və Yaxın Şərqdən Şərqi Asiya və Sakit Okean hövzəsinə doğru genişlənə bilər”.
Fidan Hacızadə
Sfera.az