İran və ABŞ arasında nüvə danışıqları dalana dirənib çünki Birləşmiş Ştatlar İslam Respublikasının uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edir. Bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.


 


Nazir vurğulayıb ki, nüvə sazişi çərçivəsində uranı 3,67%-ə qədər zənginləşdirməyə razılaşıblar, lakin bu, yalnız 15 il müddətinə idi, həmişəlik yox. O qeyd edib ki, həmişəlik prinsipi ilə tanımağa hazır olduqları yeganə şey İranın nüvə silahı yaratmayacağı barədə öhdəliyidir.


 


 


Sazişdə yenilənmə ola bilərmi? Bu xüsusda razılığın olmaması neft bazarına necə təsir edir?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, İran və ABŞ arasında nüvə danışıqlarının heç bir fayda verməməsi iki dövlət arasında da bir sıra suallara səbəb olur. Onun sözlərinə görə, İran tərəfi artıq öhdəlik götürüb ki, nüvə silahı yaratmayacaq:


 



 


“Ən azından, verilən bəyanat və göstərilən mövqe bundan ibarətdir. İran həm də sübut etməyə çalışır ki, yanlız sülh məqsədləri ilə uranı zənginləşdirir. Bununla yanaşı, hərbi, siyasi və dini elitanın münasibətləri gərginləşdirməyə xidmət edən bəyanatları isə tamamilə əksini sübut edir. Buna görə də ABŞ Prezidenti Donald Tramp administrasiyası birdəfəlik qaydada uranın zənginləşdirilməməsi ilə bağlı İranın öhdəlik götürməsinə çalışır. Belə olan halda, İrana qarşı tətbiq olunan sanksiyalar da yumşaldıla və İranın xaricdə dondurulan hesablarının açılmasına da baxıla bilər”.


 


İ.Hüseynovun fikrincə, İran hazırkı vəziyyətdə 12 günlük müharibədə aldığı sarsıdıcı zərbələr fonunda çalışır ki, ABŞ ilə münasibətləri normallaşdırsın, bununla öz maraqlarını təmin etmiş olsun:


 


“Lakin ABŞ-nin tələbləri çox sərtdir. Bu da güc mərkəzləri arasılnda gərginliyin artması ilə yanaşı, neft bazarlarına təsir edir. Hazırda Rusiya-Ukrayna müharibəsi, ABŞ-nin Venesuala ilə olan gərginliyi, eləcə də İranla razılaşdırılmayan məsələlər bu və digər formada dünyada iqtisadi resessiyaya səbəb olur və enerji daşıyıcılarına olan təəlabat artır. Bu xüsusda bütün məsələlərin həlli vacibdir”.


 


 Politoloq sonda vurğulayıb ki, bu cür geopolitik turbulent vəziyyət növbəti il də davam edəcək.


 


Firuzə Əliyeva


Sfera.az