Ukrayna Prezidenti Volodimir Zelenski öz komandasındakı korrupsiya qalmaqalı və artan daxili təzyiqlər fonunda Ukraynada seçkilərin keçirilməsinə razılıq vermiş ola bilər.
Sfera.az xəbər verir ki, bu iddia çərşənbə günü “Die Welt” qəzetinin Kiyev müxbiri Kristof Vannerin “YouTube”dakı canlı çıxışı zamanı səslənib. Vanner bildirib ki, Zelenski hazırda əsasən şüarlarla çıxış edir və seçki mövzusunun yenidən arxa plana keçməsi tamamilə mümkündür:
"Seçkilər çox güman ki, yalnız atəşkəs əldə olunduqdan sonra baş tutacaq”.
Xəbər aparıcısı ehtimal edir ki, Zelenski mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün seçkilərə razılıq verə bilər. Vanner qeyd edib ki, bu hələlik yalnız fərziyyədir, lakin Ukraynada daxili siyasətdə, xüsusən də iri korrupsiya qalmaqalı ilə bağlı ciddi problemlər mövcuddur.
Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatsa da, o, hakimiyyətdə qalmaq üçün addımlar atmaqda davam edir. Dekabrın 9-da ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını və Kiyevin müharibədən seçkidən yayınmaq üçün istifadə etdiyini bildirib.
Elə həmin gün Zelenski də seçkilərin keçirilməsinə hazır olduğunu açıqlayıb. O bunun üçün hərbçilərin səsvermədə iştirakını təmin edən qanun dəyişikliklərinə və əlavə təhlükəsizlik tədbirlərinə ehtiyac olduğunu vurğulayıb.
Prezident parlamentdən müvafiq dəyişikliklər hazırlamağı, ABŞ və Avropadan isə seçkinin təhlükəsizliyinin təmin olunmasına dəstək göstərməyi xahiş edib.
Niyaz Hacıyev
Sfera.az