Müharibə Təhqiqatları İnstitutunun (ISW) yeni hesabatında deyilir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibədə könüllülərin “tükənməsini” kompensasiya etmək üçün ehtiyatda olanların gizli səfərbərliyinə hazırlaşır.


 


Analitiklər Rusiya liderinin 8 dekabr fərmanından dolayı bu nəticəyə gəliblər. Sənədə görə, 2026-cı ildə müəyyən sayda ehtiyatda olanların məcburi xidmət və hərbi təlim üçün çağırılmasına icazə verilir.


 


Maraqlıdır, gizli səfərbərlik hazırlığının Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara davam etmək imkanlarına necə təsir göstərəcəyi gözlənilir? Bu addım Rusiyanın insan resursları, döyüş qabiliyyəti və müharibənin gedişində strateji planlarına hansı dəyişiklikləri gətirə bilər?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əhəd Məmmədli bildirib ki, ruslar insan itkisinə laqeyd yanaşırlar:


 



 


“Rusların müharibəyə aid məşhur məsəli var: “Бабы ещё нарожают”, yəni “Qadınlar yenə də uşaq doğacaq”. Onlar müharibələrə, insan itkisinə laqeyd yanaşırlar. Lakin indi dövr əvvəlki kimi deyil. I Çeçen müharibəsində Rusiya rəsmi 10 min itki vermişdi, qeyri-rəsmi isə 40-50 min nəfərdən söhbət gedir. Rus Anaları Komitəsi vardı, o vaxtı Rusiyanın prezidentinə qarşı üsyan qaldırmışdılar. O vaxt Rusiyada demokratiya var idi, indi avtoritar üsulu idarədir”.


 


Politoloq qeyd edib ki, bu vaxta qədər müharibədə valideyn himayəsindən məhrum olmuş, cəzaçəkmə müəssisələrində olan, peşəkar və pullu əsgərlərdən istifadə ediblər:


 


“Əsasən isə çeçen, inquş, yakutları qabağa veriblər, Rusiyanın şəhərlərindən az adam göndərməyə çalışırlar. Artıq gizli səfərbərlik də bitəndən sonra müharibə uzandıqca Ukrayna müqavimətini davam etdirsə, Qərb dəstəyini verməyə davam etsə, Tramp Ukraynanı Rusiya qarşısında sənədə imza atmağa məcbur edə bilməsə, məcburən Rusiya rus millətindən olan titullu xalqın uşaqlarını müharibəyə göndərməyə başlayacaq. Onların meyitləri gələndə rus anaları başlayacaq danışmağa. Nə qədər avtoritar rejim olsa da, gec-tez bu etirazlar olacaq”.


 


“Bu dəfə heç də İsveçlə 20 illik müharibə kimi olmayacaq çünki indi 1700-cü illərdə deyilik. Hələlik Putinə bu təhlükə uzaq görünsə də, mövcuddur. Yenə də gedişat Qərbin Ukraynaya nə qədər dəstək verəcəyindən asılı olacaq”,- Ə.Məmmədli nəzərə çatdırıb.


 


Firuzə Əliyeva


Sfera.az