ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün rekord həcmli, 901 milyard dollarlıq hərbi büdcə layihəsini qəbul edib.
ABŞ-nin hərbi büdcəsini rekord səviyyəyə çatdırması müəyyən suallar doğurur. Bununla Vaşinqton nə etmək istəyir?
Sfera.az-a bu barədə açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Amerikanın yüksək hərbi büdcəsinin olması birbaşa ABŞ Silahlı Qüvvələrinin yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlıdır.
Onun sözlərinə görə, Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə dronların, pilotsuz uçuş aparatlarının və yeni taktiki yanaşmaların rol alması, eləcə də Rusiyanın Ukraynaya təcavüzü nəticəsində meydana çıxan yeni döyüş reallığı müharibələrin konsepsiyasını köklü şəkildə dəyişdi:
“Bu mənzərə fonunda demək olar ki, ABŞ tamamilə yeni tip müharibələrə hazırlaşır və bu da böyük maliyyə vəsaiti tələb edir. Vaşinqton həm Hərbi Dəniz Qüvvələrini modernləşdirir, həm də genişmiqyaslı dron ordusu formalaşdırmağa başlayır. Bunun üçün isə ciddi investisiyalar şərtdir. Digər tərəfdən, Ukrayna müharibəsi ABŞ-nin silah anbarlarını xeyli dərəcədə boşaldıb. Bu ehtiyatların raketlər, müasir silah sistemləri və hava hücumundan müdafiə kompleksləri ilə yenidən doldurulması tələb olunur”.
İqtisadçı bütün bu amillərin Amerikanın hərbi büdcəsinin təkcə müharibə xərclərindən ibarət olmadığını göstərdiyini qeyd edib:
“Buraya həm yeni texnologiyaların hazırlanması, həm də müxtəlif növ silah sistemlərinin istehsalına yönələn böyük maliyyə yatırımları daxildir. Bu faktorlar ABŞ-nin hərbi büdcəsinin həm yüksək, həm də artımda olmasının əsas səbəblərini təşkil edir”.
Fidan Hacızadə
Sfera.az