Avropa İttifaqının Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı “The New York Times”ın yayımladığı analiz yeni müzakirələrə səbəb olub. Qəzet bildirir ki, Ukraynanın sülh prosesində ikinci dərəcəli rol aldığı bir vaxtda Aİ-nin müharibəyə son qoymaq üçün konkret strategiyası görünmür.
Bu yanaşma, həm İttifaqın danışıqlar masasındakı çəkisi, həm də ABŞ-Rusiya təmaslarının fonunda Avropanın geri planda qalması ilə bağlı suallar doğurur.
Məhz bu kontekstdə ortaya çıxan əsas sual belədir: NYT-nin “Aİ-nin Ukrayna strategiyası yoxdur” iddiası nə dərəcədə gerçəkdir və İttifaqın prosesdə zəif görünməsinə səbəb olan amillər hansılardır?
Suallarımızı cavablandıran politoloq Aytən Qurbanova Sfera.az-a bildirib ki, “New York Times”ın bu yazısında kifayət qədər böyük bir həqiqət var.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqlar prosesində Ukraynanın mövqeyinin müdafiəsi və Avropa İttifaqının maraqlarının təmsil olunması baxımından masada hər hansı bir fəallığın nümayiş etdirildiyini görmürük:
“Hətta demək olar ki, ABŞ tərəfindən Avropa İttifaqı danışıqlar masası ətrafından demək olar ki, tamamilə uzaqlaşdırılıb. Belə ki, nə onun maraqları, nə də bu istiqamətdə formalaşdıra biləcəyi mövqelər prosesdə kifayət qədər nəzərə alınır. İstər Trampın əvvəlcə açıqladığı 28 bəndlik, daha sonra isə 19 bəndlik sülh planına dair yanaşmalar olsun, istərsə də Rusiya ilə ABŞ arasında ikitərəfli formatda aparılan görüş və müzakirələrdə olsun, Avropa İttifaqının prosesdə iştirak etməməsi həm Rusiya-Ukrayna müharibəsi, həm də yeni formalaşmaqda olan dünya nizamı kontekstində Amerikanın və Rusiyanın Avropanı kənarlaşdırmaq strategiyasının aydın şəkildə təzahür etdiyini göstərir”.
Politoloq qeyd edib ki, bu məqamdan irəli gələrək, Böyük Britaniya, Almaniya, Fransa və digər güc mərkəzlərinin verdiyi bəyanatların, eləcə də ümumilikdə Avropa İttifaqı çərçivəsində səsləndirilən Ukrayna ilə bağlı yanaşmaların real nəticə əldə etməyə hesablanmadığını görmək mümkündür:
“Təəssüf doğuran əsas məqamlardan biri də budur ki, Avropa ölkələri öz təhlükəsizliklərinin təmin olunması, habelə Ukraynanın müdafiəsi ilə bağlı Rusiyanın mümkün 1-ci, 2-ci, 3-cü planlarına və ən bədbin ssenarilərə qarşı yetərincə hazırlıqlı deyillər. Bu isə Avropanın regiondakı proseslərə təsir imkanlarının məhdudlaşdığını və mövcud vəziyyətə adekvat cavab verməkdə çətinlik çəkdiyini bir daha ortaya qoyur”.
Niyaz Hacıyev
Sfera.az