Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Xəzər dənizindən keçən boru xətti ilə təbii qazın Türkiyəyə ötürülməsi istiqamətində konkret addımlar atılır.


 


Nazir qeyd edib ki, Xəzərin şərqindəki karbohidrogen ehtiyatlarının Xəzərin qərbinə daşınması böyük əhəmiyyət daşıyır.


 


“Artıq 30 illik arzumuz olan Xəzərdən keçən boru xətti vasitəsilə Türkiyəyə təbii qaz çatdırılması hədəfimizdə konkret addımlar atmaq mərhələsinə çatmışıq. Xəzərin qərb tərəfində bunun üçün infrastruktur artıq mövcuddur. TANAP bu baxımdan son dərəcə strateji bir layihədir. Bu hədəf istiqamətində əldə edəcəyimiz irəliləyişlər həm Türk Dövlətlərinin inkişafına töhfə verəcək, həm də Avropa və Aralıq dənizi enerji bazarları üçün oyunun qaydalarını dəyişdirən bir təsir göstərəcək”, – deyə Alparslan Bayraktar qeyd edib.


 


Maraqlıdır, bu istiqamətdə hansı addımlar atılır?


 


Məlumatı Sfera.az-a şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Xəzərin Şərq sahilində bununla bağlı heç bir addım atılmır. Onun fikrincə, A.Bayraktar sadəcə arzusunu növbəti dəfə ifadə edib:


 



 


“Qərb sahilində isə 2030-cu il üçün Azərvaycanın ikinci böyük qaz yatağı olan "Abşeron" yatağının İkinci Mərhələsi üzrə hasilata və ixraca hazırlıq gedir və bunun üçün TANAP-TAP kəmərlərinin ona uyğun genişləndirilnəsi gündəndəmdədir. Çünki hazırda Cənub Qaz Dəhlizi orada quraşdırılmış nasos-kompressorların mövcud sayı və gücü etibarı ilə özünün imkanlarını tam gerçəkləşdirib”.


 


Mütəxəssis nəzərə çatdırıb ki, bu baxımdan Türkiyə enerji nazirinin bu açıqlamasını reallıqda Türkmənistan tərəfinə ünvanlanmış bir mesaj kimi də qiymətləndirmək olar: yəni bir hərəkət edin, nə qədər Çinə ixracdan asılı qalmaq fikrindəsiniz, bir alternativ marşrutlara da diqqət edin.


 


Qeyd edək ki, Xəzərdən keçəcək qaz kəməri uzun illərdir region ölkələrinin enerji gündəmində olsa da, layihənin həyata keçirilməsi üçün həm siyasi razılaşmalar, həm də böyük maliyyə və texniki resurslar tələb olunur. Transxəzər marşrutu Avropanın enerji təhlükəsizliyi, eləcə də Türk Dövlətləri arasında iqtisadi əməkdaşlığın genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla belə, Türkmənistan tərəfinin konkret addımlar atmaması layihənin irəliləməsini ləngidir. Bu səbəbdən Xəzərin şərq sahilində praktiki proseslər başlamayana qədər boru kəməri daha çox perspektiv olaraq qalır.


 


Firuzə Əliyeva


 


Sfera.az