Son illərdə video oyunlar uşaqlar, yeniyetmələr və hətta böyüklər arasında geniş yayılıb.


 


Sfera.az xəbər verir ki, video oyunların insanın zehni inkişafına və davranışlarına həm müsbət, həm də mənfi təsirləri mövcuddur. Strategiya və problem həlletmə yönümlü oyunlar yaddaş, diqqət və analitik düşüncə qabiliyyətini inkişaf etdirə bilər. Müəyyən oyunlar refleksləri sürətləndirir, vizual-məkan koordinasiyasını gücləndirir və yaradıcı düşüncəni təşviq edir.


 


Eyni zamanda, təhsilyönümlü oyunlar uşaqların öyrənmə motivasiyasını artırır və yeni bilikləri əyləncəli formada mənimsəməyə imkan yaradır. Lakin onlayn oyunların uzun müddətli və ölçüsüz istifadəsi asılılıq riskini artırır. Həddindən artıq oyun oynayanlarda sosial izolyasiya, diqqət dağınıqlığı və yuxu problemləri müşahidə edilir. Xüsusilə şiddətyönümlü oyunlar uşaqlarda aqressiv davranışlara meyli gücləndirə bilər. Valideynlər və oyunçular balanslı oyun rejiminə keçməlidir, hər gün müəyyən müddət oyun oynamaq tövsiyə edilir oyun seçiminə diqqət yetirmək məsləhət görülür.


 


Eyni zamanda, onlayn oyun istehsalçıları oyunların zehni inkişafı təşviq edən, eyni zamanda asılılıq riskini azaldan mexanizmlər üzərində işləyirlər. Beləliklə, video oyunlar zehni bacarıqların inkişafı üçün faydalı ola bilər, lakin onların idarəsiz istifadəsi həm fiziki, həm də psixoloji sağlamlığa mənfi təsir göstərə bilər.


 


Niyaz Hacıyev


Sfera.az