Azərbaycanda açıq məkanda ("Billboard") yerləşdirilən reklamlara görə əldə edilən gəlirlərdə son illərdə ciddi artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, açıq məkanda reklam gəlirləri 2021-ci ildə 11 milyon manat olduğu halda 2024-cü ildə 57 milyon manatı ötüb. Qısa müddətdə açıq məkanda olan reklamların sürətlə artması maraq doğurur.
Bu müddətdə digər sahələrdə də reklam gəlirlərində artım olub. Məsələn, teleradio proqramlarında yayımlanan reklamlardan gəlirlər 34,3 milyon manat təşkil edib. Müqayisə göstərir ki, bu sahədə əldə edilən gəlirlər açıq məkanda olan reklam gəlirləri qədər yüksək deyil.
Azərbaycanda açıq məkanlarda reklamlara tələbin bu qədər yüksək olması nə ilə izah oluna bilər?
Sfera.az-a bu barədə açıqlama verən PR və marketinq mütəxəssisi Vüqar Baba bildirib ki, Azərbaycanda bütün sahələrdə reklamlara sərf olunan xərclərin artması tendensiyası uzun illərdir müşahidə olunur.
Onun sözlərinə görə, açıq məkanlarda gəlirlərin bu qədər artması təsadüfi deyil, buna bazarda baş verən bir neçə faktor təsir edib:
“Bunlardan biri urbanizasiyadır. Ölkə üzrə kənd və qəsəbələrdən iri şəhərlərə köçlər bu şəhərlərdə auditoriyanı-küçələrdəki insanları artırıb. Yaşayış komplekslərinin, ticarət mərkəzlərinin sayı, nəqliyyatın həcmi və hərəkəti artıb. Şəhərlərin infrastrukturu inkişaf edib və bu inkişaf fonunda dəyişdirilmiş və genişləndirilmiş ərazilərdə yeni reklam daşıyıcıları quraşdırılıb. Həmçinin, şəhərləşmə reklam daşıyıcılarına düşən auditoriya həcmini artırıb. Reklamverənlər “göz görən yerdə” olmaq üçün çöl reklamlarına daha çox investisiya edir.
Açıq məkanlarda reklam nöqtələrinin sayının artması, bu sahədə alternativ metodların, texnologiyanın, rəqəmsallaşmanın tətbiqi digər səbəb kimi göstərilə bilər. Alternativ məkanlardan fərqli reklam vasitəsi kimi istifadə edilməsinin təsiri var. Digər tərəfdən, dijital lövhələr bir məkanı bir neçə müştəriyə təqdim edərək daha çox gəlir əldə edə bilib.
Bu faktorun bir amili də reklam operatorlarının peşəkarlığının artması olub. Reklam şirkətləri daha yaxşı lokasiyalar əldə edib,reklam alətlərini-inventarını yeniləyib, beynəlxalq standartlara uyğunlaşdırılmış qiymət və satış modeli tətbiq olunub, müxtəlif paketlərlər hazırlayaraq müştəriyə daha cəlbedici, faydalı və təbii ki baha təkliflər verilir”.
Mütəxəssisin sözlərinə görə, açıq məkanda reklam gəlirlərinin artmasının digər səbəbi böyük şirkətlərin reklam büdcələrinin artmasıdır:
“Ölkədə telekommunikasiya, bank, gündəlik təlabat malları (FMCG), geyim, supermarket şəbəkələri, elektronika brendləri arasında böyük rəqabət var. “Outdoor” reklamlar bu sahələr üçün ən təsirli kütləvi kanal olduğundan illik brendinq kampaniyaları, mövsümi kampaniyalar, yeni məhsul tanıtımları və s. üçün ciddi büdcələr ayrılır.
Bunarla yanaşı, televiziyanın təsirinin azalması və TV reklamına ayrılan büdcələrin digər reklam kanallarına yönəldilməsi ilə müşahidə olunur. Həmin alternativlərin başında isə açıq məkanlarda reklamlar gəlir.
Son illər ölkədə həm dövlət, həm özəl sahədə nəhəng layihələr icra olunur ki, hər iki tərəf həmin layihələrin brendləşməsinə, təbliğinə daha çox önəm verməyə başlayıb. İnşaat layihələri, sərgilər, idman yarışları, misal üçün, “Bakı Marafonu”, “Formula 1” və xüsusən də “COP 29” tədbiri kütləvi reklamlarla müşahidə olunub".
V.Baba hesab edir ki, reklam bazarında baş verən dəyişiklikləri görə bilməyimizə şəffaflığın artması da təsir göstərib: "Açıq məkanlarda reklamlarla bağlı icazə, patent və ödəniş proseslərinin rəqəmsallaşması, qanunsuz lövhələrin yığışdırılması, reklam yerlərinin tam qeydiyyata salınması gəlirlərin "kölgə"dən çıxaraq rəsmi rəqəmlərə daxil olmasına səbəb olub. Bütün bunlarla yanaşı 2021 və 2024-cü il rəqəmlərinin bu qədər fərqli olmasında COVID-19 pandemiyasının da təsirləri var. 2020-2021-ci illər açıq məkanlarla bağlı məhdudiyyətlərin çox olduğu dövr idi. Həmin ərəfədə açıq məkanlarda reklamlara tələbat da kəskin düşmüşdü”.
Fidan Hacızadə
Sfera.az