Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Mixail Podolyakın Kremlin “sülh danışıqları” ilə bağlı ABŞ-yə yalan məlumat verdiyini bildirməsi münaqişə ətrafında yeni gərginlik yaradıb.
Podolyakın sözlərinə görə, Moskva real danışıqlara hazır olmadığını gizlətməyə çalışır, əksinə, resurs toplayaraq müharibəni daha da uzatmağa hesablanmış planlar qurur.
Bu iddialar fonunda diqqətə gələn əsas sual isə budur: Putin həqiqətənmi beynəlxalq ictimaiyyəti aldatmağa çalışır və bu prosesdə Çinin dəstəyi və ya təzyiqi hansı rolu oynayır?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın danışıqlar prosesində öz ilkin şərtlərindən geri çəkilməməsi və işğal altında saxladığı ərazilərin Rusiya ərazisi olaraq tanınmasında israrı onu göstərir ki, Rəsmi Moskva həqiqətən də sülhdə maraqlı deyil.
Onun sözlərinə görə, Rusiyanın müharibəni uzatmaq niyyəti, yalnız Ukraynanın ərazisini işğal etmək deyil, həm də Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qarşısında bir növ müqavimət göstərmək məqsədi daşıyır:
“Putin üçün müharibə, təkcə Ukrayna deyil, həm də beynəlxalq güc balansında Rusiyanın yerini qorumağa xidmət edən bir vasitədir. Bu baxımdan, Rusiya sülh danışıqlarına isti yanaşmır, çünki Putinə görə ərazilərin Rusiya ərazisi olaraq tanınmaması halında imzalanacaq sülh müqaviləsi Rusiyanın mövqeyini zəiflədə bilər və müharibənin bu şəkildə bitməsi daxili siyasi gərginliyi artıra bilər”.
Politoloq qeyd edib ki, Çinin bu məsələdə strateji yanaşması isə həqiqətən çox mürəkkəb və çoxsaylı maraqları əhatə edir:
“Çin, Rusiya ilə strateji əməkdaşlıq edir, amma o, heç vaxt açıq şəkildə Rusiyanın müharibə əməliyyatlarını dəstəklədiyini deməyib. Çin, müharibənin sonunda özünün də hədəf ola biləcəyini düşünərək, Rusiyanın uduzmaması üçün mümkün qədər dəstək verməyə çalışır. Bu həm geosiyasi maraqlar, həm də iqtisadi təhlükəsizlik baxımından əhəmiyyətlidir. Lakin, bu dəstəyi də müəyyən sərhədlər daxilində saxlayır və eyni zamanda Qərb ilə münasibətləri gərginləşdirməməyə çalışır. Başqa sözlə desək, Pekin Rusiya ilə strateji tərəfdaşlığı qorumağa çalışaraq, eyni zamanda Qərbin özünə qarşı təzyiqlərini minimuma endirməyə yönəlmiş diplomatik bir mövqe tutur. Çin, Rusiyanın müharibəni uduzmaması üçün ona iqtisadi baxımdan dəstək verir və bu dəstəyi də verməyə davam edəcək, çünki müharibənin sonunda qalib gələn tərəf Rusiya olarsa, Çin üçün həm enerji təchizatçısı, həm də geosiyasi tərəfdaş olaraq Rusiyanın əhəmiyyəti daha da artacaq. Lakin Pekin, öz iqtisadi maraqlarını da qorumaq məcburiyyətindədir və buna görə də Avropa İttifaqı və ABŞ ilə olan ticarət əlaqələrini riskə atmaq istəmir. Odur ki, Çin, xüsusən də iqtisadi maraqlarından dolayı, münaqişəyə birbaşa daxil olmamağı və təzyiqlərdən qaçmağı üstün tutmağa davam edəcək”.
Müsahibimiz son olaraq bu səbəbdən Çinin münaqişəyə birbaşa müdaxilə etməməyə çalışacağı, neytral mövqe tutaraq hər iki tərəfi sülhə yönəltmək və eyni zamanda öz geosiyasi mövqeyini gücləndirmək istəyəcəyini bildirib.
Niyaz Hacıyev
Sfera.az