Yeni il tətilləri yaxınlaşdıqca həm ölkə daxilində, həm də xaricdə səyahət etmək istəyənlər üçün ən çox verilən suallar dəyişmir: “Harada istirahət daha sərfəli olar?” və “2025-ci ilin qiymətlərinə görə hansı istiqamət daha münasibdir?”.
Sfera.az olaraq Yeni il günlərində istirahət üçün həm Azərbaycan, həm də populyar xarici istiqamətlər üzrə qiymətləri müqayisəli şəkildə araşdırdıq. Son illərdə ölkə daxilində turizm sektorunda inkişaf, Yeni il paketlərinə də öz təsirini göstərib.
Otellər xüsusi proqramlar, şou gecələri, canlı musiqi və bayram menyusu ilə turistləri cəlb etməyə çalışır. 2025-ci il üçün qiymətlər əsasən 3 gecəlik paketlər üzrə formalaşır. Bakı - 4 ulduzlu otellərdə qiymətlər sabitdir 3 gecəlik qalma, səhər yeməyi və bəzi hallarda bayram gecəsi ilə birlikdə adam başına 460-560 AZN arası dəyişir. Mərkəzdə yerləşən otellərdə qiymət bir qədər yüksək, şəhər kənarında isə daha münasibdir. Paytaxtda bayram gecəsi restoran menyuları da orta hesabla 80-150 AZN civarındadır ki, bu da ümumi xərci artırır.
Azərbaycanda Yeni il üçün ən populyar rayonlardan biri olan Qəbələdə 4-5 ulduz səviyyəli otellərin qiymətləri adam başına 590-840 AZN arasında dəyişir. Bəzi otellərdə Yeni il şouları, canlı musiqi, uşaq proqramları və SPA xidmətləri çox vaxt paketə daxildir. Bölgəyə gediş-gəliş xərci də nəzərə alınanda ümumi büdcə xarici səfərlərlə müqayisə oluna bilir. Şəki, Qusar, Lənkəranda qiymətlər daha uyğundur. Belə ki, 3 gecəlik Yeni il paketləri 450-700 AZN aralığındadır.
Ekoloji cəhətdən təmiz mühit, sakitlik və ailəvi istirahət üçün daha münasibdir. Otel qiymətləri Qəbələ ilə müqayisədə daha aşağı olduğu üçün büdcəsi məhdud olanlar üçün yaxşı seçim sayılır. Yeni il günlərində xaricə səyahət etmək istəyənlərin əsas hədəfi yaxın məsafədə, münasib qiymətlərlə təklif olunan şəhərlərdir. Bakı-İstanbul gediş-dönüş biletinin qiyməti kampaniyalardan asılı olaraq 100–300 AZN arasında dəyişir. 3 gecəlik otel və gündəlik xərclərlə birlikdə ümumi məbləğ 574-674 AZN təşkil edir.
Şəhərin Yeni il ab-havası, alış-veriş imkanları, restoranlar və mədəni proqramlar turist axınının artmasına səbəb olur. Gürcüstana səyahət 2025-ci ildə də ən ucuz variant olaraq qalır. Çıxan ümumi xərc isə 403-633 AZN arası dəyişir. Tbilisinin Yeni il bazarları, Batuminin dənizkənarı şousu və münasib otel qiymətləri bu istiqaməti populyar edir. Yüksək büdcəlilər üçün Dubay ən çox müraciət edilənlər arasındadır. 2025-ci il üzrə Dubaya uçuş qiymətləri 250-600 AZN arasında dəyişir. 3 gecəlik 4 ulduzlu oteldə qalmaq və gündəlik xərclər nəzərə alındıqda ümumi məbləğ 1 000-1 500 AZN-dən aşağı düşmür.
Dubayda Yeni il gecəsi keçirilən möhtəşəm atəşfəşanlıq və şou proqramlar xərcləri artırır. Araşdırmanın ən maraqlı hissəsi bəzi daxili və xarici istiqamətlərin bir-birinə bərabər xərclə başa gəlməsidir. Qəbələ (4-5ulduzlu) = İstanbul səfəri Yəni yeni ili Qəbələdə keçirmək üçün ayıracağınız məbləğlə İstanbulda 3 gecə səyahət etmək mümkündür.
Şəki, Qusar, Lənkəran (orta səviyyə otellər) = Tbilisi səfəri
Bu rayonlarda 450-600 AZN-lik paketlər Gürcüstan səyahətinə tam uyğundur.
Qəbələ və ya Bakıda premium otellər = Dubay səfəri
Qəbələ və Bakıda lüks Yeni il proqramları və SPA xidmətləri ilə təchiz edilmiş otellərin qiymətləri Dubay səfərinin xərclərinə bərabərdir. 2025-ci ildə Yeni il bayramını xaricdə keçirmək istəyənlər üçün ən sərfəli istiqamətlər İstanbul və Tbilisidir. Şəhərlər həm yaxın, həm münasib qiymətlidir. Daxildə istirahət etmək istəyənlər üçün isə Qəbələ, Şəki, Lənkəran və Qusar rayonları həm xidmət baxımından kifayət qədər zəngindir, həm də xarici səfərlərlə müqayisədə sərfəli görünür. Dubay istiqaməti isə yalnız yüksək büdcəli istirahət planlayanlara uyğundur və bu qiymətlərlə yalnız premium yerli otellər rəqabət apara bilir. Yeni ili xaricdə və ya ölkə daxilində keçirmək qərarı isə artıq turistin büdcəsinə, istirahət tərzinə və fərdi seçimlərinə bağlıdır.
Firuzə Əliyeva
Sfera.az