Havanın soyuması ilə birlikdə bəzi yaşayış massivlərində istehlakçılara verilən qazın təzyiqinin aşağı düşməsi müşahidə olunur. Xüsusilə axşam saatlarında daha qabarıq hiss edilən bu vəziyyət qış mövsümündə ən çox rast gəlinən problemlərdən biri kimi qiymətləndirilir. 




Bəs soyuq hava şəraitində qaz təzyiqinin azalması nə ilə bağlıdır?




Sfera.az məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə (İB) sorğu ünvanlayıb.


 


Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanda hər il olduğu kimi qış mövsümünə keçid noyabrın 15-dən başlayır. E.Vəliyev söyləyib ki, payız-qış mövsümünə hazırlıq prosesləri isə may ayının 1-dən noyabr ayının 1-dək həyata keçirilir:




“Bu işlərin məqsədi abonentlərin soyuq aylarda təbii qazla təhlükəsiz və fasiləsiz təmin edilməsidir. Ötən illərdə olduğu kimi, bu il də geniş hazırlıq tədbirləri görülüb və hazırda mavi yanacağın verilməsində ciddi problem gözlənilmir. Lakin qeyd edildiyi kimi, bəzi ərazilərdə lokal olaraq təzyiqdə müəyyən enmələr yaşana bilər. Çünki havalar bu mövsümdə dəyişkən olur, qəfil kəskin soyuqlar düşə, eyni zamanda temperatur sürətlə arta bilir. Hava kütləsindəki bu dəyişikliklərə uyğun olaraq qazın tənzimlənməsi prosesi daim nəzarətdə saxlanılır”.


 





E.Vəliyevin sözlərinə əsasən, soyuq günlərdə stabil təzyiqin təmin edilməsi mümkün olsa da, havanın kəskin oynadığı zamanlarda müəyyən çətinliklər yaranması mövsümi xarakter daşıyır:




“Bununla belə, ümumi mənzərə göstərir ki, ölkə üzrə qaz təzyiqi ilə bağlı genişmiqyaslı problem yoxdur. Lokal nasazlıqlar baş verən kimi həmin ərazilərdə çalışan əməkdaşlarımız və abonentlərin müraciətləri əsasında operativ şəkildə müdaxilə olunur və təzyiq normaya gətirilir”.




Bəsti Rəfizadə

Sfera.az