Ermənistanın Baş naziri Nikol Paşinyan, Cənubi Qafqazın gələcəyində Türkiyənin müəyyənedici rol oynadığını açıq şəkildə ifadə edib. O bildirib ki, Ermənistanın tranzit mərkəzinə çevrilməsi arzusu yalnız Ankara ilə normallaşma nəticəsində mümkün ola bilər. Paşinyanın sözlərinə görə, regiondakı bütün yollar Türkiyə üzərindən keçir.

Məlumdur ki, Ermənistanın Türkiyə ilə quru sərhəddinin açılması üçün Azərbaycanla münasibətləri normallaşdırılması, sülh razılaşmasını əldə etməsi vacibdir. 

Məhz Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması Ermənistanı Cənubi Qafqazın tamhüquqlu üzvünə çevirə bilər.




Politoloq Cavanşir Abbaslı Sfera.az-a bildirib ki, artıq Ermənistan reallığı dərk etməyə başlayıb.


 


Onun fikrincə, bu səbəbdən rəsmi İrəvan iki qardaş ölkəyə yönəlmiş addımların sayını getdikcə artırır:


 


"Xüsusilə 8 avqustda Ağ Evdə sülh öncəsi paraflanmanın baş tutmasından sonra Ermənistanın bu istiqamətdə daha fəal mövqe nümayiş etdirdiyi müşahidə olunur. Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, uzun illər Azərbaycan ərazilərini işğal altında saxladıqdan və Türkiyə ilə sərhədləri bağladıqdan sonra ölkə faktiki olaraq bütün iqtisadi “nəfəs yollarını” itirib. Sosial durumun pisləşməsi və iqtisadi inkişafın qarşısının alınmasında əsas amillərdən biri məhz Türkiyə ilə sərhədlərin bağlı olmasıdır. Bu səbəbdən Paşinyan bu istiqamətdə addımlar atmağa məcburdur. O, həmçinin yaxşı anlayır ki, artıq Ermənistan cəmiyyətində də Türkiyə və Azərbaycanla sərhədlərin açılmasına müsbət yanaşanların sayı artmaqdadır”.


 



 


Politoloqun sözlərinə əsasən, Paşinyanın hələlik ciddi addımlar atmamasının səbəbi gələn ilin iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlıdır:




“Çünki həmin vaxta qədər bu sahədə sərt və radikal addımlar atmaq onun daxili reytinqinə ciddi zərbə vura bilər. Hazırda Ermənistanda bu cür addımlara qarşı olanların faizi 50%-dən çoxdur və bu, seçkilərdə Paşinyanın mövqelərinə mənfi təsir göstərə bilər. Eyni zamanda müharibə tərəfdarları və radikal revanşist qüvvələrin də əlini gücləndirə bilər. Məhz buna görə Paşinyan hazırda yalnız bəyanatlarla cəmiyyəti “psixoloji olaraq” sülh prosesinə, yəni Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına hazırlayır. Ara-sıra Ermənistanın tranzit ölkəyə çevrilə biləcəyini vurğulaması da təsadüfi deyil”.




Ekspert xatırladıb ki, Ermənistan konstitutiyası dəyişməyənə qədər sülh sazişindən danışmaq mümkün olmayacaq:




“İstənilən halda hamıya məlumdur ki, burada əsas maneə var və bu maneə aradan qalxmayınca nə sərhədlərin açılmasından, nə də Azərbaycanla sülh sazişinin imzalanmasından danışmaq mümkündür. Söhbət Ermənistan Konstitusiyasından gedir. Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən müddəa çıxarılmayınca münasibətlərin normallaşmasından söz gedə bilməz. Bunun üçün Ermənistanda referendum keçirilməsi qaçılmazdır, çünki həmin maddənin ləğvi yalnız xalq səsverməsi ilə mümkündür. Bu səbəbdən parlament seçkilərindən sonra Paşinyan hakimiyyətinin referenduma gedəcəyi ehtimalı yüksəkdir. Bütün bu prosesləri nəzərə alaraq düşünürəm ki, yaxın bir il ərzində Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması, eləcə də sülh sazişinin imzalanması baş tutmayacaq. Hər şey parlament seçkilərindən sonra müəyyənləşəcək”.




Bəsti Rəfizadə

Sfera.az