Xəbər verdiyimiz kimi, Yer kürəsində güclü maqnit qasırğası başlayıb. Son saatlarda Günəşdə baş verən gözlənilməz plazma atılması Yer istiqamətinə yönələrək maqnitosferə ciddi təsir göstərib.


 


Qasırğanın modellərdə əvvəlcədən görünməməsi isə vəziyyətin nə qədər dəyişkən olduğunu ortaya qoyur. Alimlərin sözlərinə görə, Günəş plazması əvvəlcə Yerə təhlükə yaratmayan istiqamətdə hərəkət etsə də, sonradan trayektoriyasını dəyişərək planetə zərbə endirib. Bu hadisə maqnitosferdə güclü reaksiya yaradıb, lakin mütəxəssislər yaxın günlərdə daha dağıdıcı qasırğaların gözlənilmədiyini bildirirlər.


 


Buna baxmayaraq, dekabr ayında Günəş aktivliyi “qarışıq” xarakter daşıdığı üçün ehtiyatlı olmaq tövsiyə edilir. Bəs kimlər nələrə diqqət etməlidir?


 


Sfera.az xəbər verir ki, mütəxəssislər bir qrup əhalini ehtiyatlı olmağa çağırır.


 


Belə ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, təzyiqi tez-tez dəyişən insanlar, hamilələr və yaşlı şəxslər son günlər özlərini daha narahat hiss edə bilərlər. Qasırğalar zamanı baş ağrısı, yuxusuzluq, halsızlıq, emosional gərginlik və diqqət dağınıqlığı kimi şikayətlər artır. Bu səbəbdən həkimlər belə günlərdə ağır fiziki işlərdən uzaq durmağı, daha çox maye qəbul etməyi, açıq havada sakit gəzintilərə üstünlük verməyi məsləhət görürlər. Bundan başqa, güclü maqnit dalğaları bəzi texnoloji cihazlarda, rabitə və naviqasiya sistemlərində qısa müddətli nasazlıqlar yarada bilər. Elektron qurğulardan istifadə edənlər və xüsusilə uzun səfərə çıxan sürücülər diqqətli olmalıdır.


 


Enerji xətlərində də qısa kəsilmələr mümkündür. Elm adamları bildirirlər ki, Günəş aktivliyi ilin son ayında qeyri-sabit olduğundan vəziyyətin tez dəyişməsi ehtimalı yüksəkdir. Buna görə həm əhali, həm də aidiyyəti qurumlar mövcud vəziyyəti diqqətdə saxlamalı, xəbərdarlıqlara əməl etməlidirlər.


 


Firuzə Əliyeva


Sfera.az