Son illər Azərbaycanda kapital bazarlarının inkişafı ölkənin maliyyə gündəmində əsas müzakirə mövzularından biri olaraq qalır. Mərkəzi Bankın müşahidələrinə görə, iqtisadiyyatın dərinləşməsi və bazar mexanizmlərinin genişlənməsi fonunda əhalinin maliyyə aktivliyinin aşağı olması diqqət çəkir.


 


Məhz bu kontekstdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, hazırda vətəndaşlar təxminən 10 milyard dollar həcmində vəsaiti şəxsi şəkildə saxlayır və həmin pullar bank sektoruna, fond bazarına və ya digər investisiya alətlərinə yönəlmir.


 


Kazımovun sözlərinə görə, bu qədər böyük həcmdə vəsaitin iqtisadi dövriyyədən kənarda qalması kapital bazarlarının institusional inkişafı üçün əhəmiyyətli maneə yaradır. Çünki investor davranışı, fond bazarlarına maraq və əmanətlərin banklara axını ölkənin maliyyə stabilliyi və iqtisadi aktivlik üçün həlledici amillərdəndir.


 


Bəs, əhali niyə böyük maliyyə vəsaitini evdə saxlamağa üstünlük verir, onları banklara və ya kapital bazarlarına yönəltmir?


 


Bu sual həm ekspertlər, həm də Mərkəzi Bank rəhbərliyi üçün aktual məsələ olaraq qalır.


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, bu bütün ölkələrdə müşahidə olunur. Mütəxəssisin sözlərinə görə, bu tendesiyaya xüsusilə də postsovet ölkələrində rast gəlinir:


 



 


“SSRİ dağıldıqdan sonra əhali öz əmanətlərinin alınmasında problem yaşadığı üçün 2000-ci illərdə insanlar pulunu evdə saxlayırdı. Yaxın keçmişdə də bir neçə bankın bağlanması zamanı əhalidə bank əmanətləri ilə bağıl problem yaranmışdı. Ona görə də insanlar düşünür ki, gəlir gətirməsə də, gözümün qabağında olsun”.


 


A.İbrahimov qeyd edib ki, bu tendesiyanın olmasının başqa bir neçə səbəbi də var:


 


“Əhalinin banklara pul əmanəti yerləşdirməməsinin əsas səbəblərindən biri də maliyyə savadsızlığıdır. İnvestisiya sistemlərinin çətin alqoritmik qanunauyğunluqlarını hər kəs başa düşmür. Bunu iki və ya üç “klik” ilə etmək mümkün deyil. Eyni zamanda, korporativ hansısa bu məsələləri stimullaşdıran meyar və standartların olamaması, olanların isə aydın başa düşülməməsi kimi problemlər var. Fond bazarlarına çıxış edə biləcək şirkətlərin az olması da ciddi problemlərdəndir. Azərbaycanda birja istiqamətində aparılan fəaliyyətlər digər ölkələrdən daha zəifdir.


 


Fond və digər birjaların formalaşdırılması istiqamətində problemlər mövcuddur. Həmçinin, banklarda əmanət faizləri aşağıdır. Əhalinin marağında deyil. Onlar daha rahat və cəlbedici investisiyalara yönəlirlər. Məsələn, qiymətli metallar alırlar, xaricdə təhsilə yönəlirlər, elektron ticarət, kriptovalyuta, daşınmaz əmlakın alınmasını həyata keçirirlər. Onlar beləliklə öz vəsaitlərini daha etibarlı üsullarla qoruyurlar”.


 


Ekspert nəzərə çatdırıb ki, bu istiqamətdə Mərkəzi Banklın üzərinə maliyyə savadlılığının artırılması və korporativ standartların hazırlanması kimi ciddi öhdəliklər düşür.


 


İqtisadçı sonda vurğulayıb ki, bu məsələni tam həll etmək mümkün deyil, çünki iqtisadiyyatı güclü olan, fond birjaların inkişaf etdiyi ölkələrdə belə bu tip məsələlərlə üzləşmək mümkündür.


 


Firuzə Əliyeva


Sfera.az