Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Hökumət Evində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasına qatılıb.
Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb. Paşinyanın təyyarəsi gecə saatlarında Moskvaya enə bilməyib. Buna şəhərə edilən pilotsuz uçuş aparatının hücumu səbəb olub.
Nəticədə təyyarə Sankt-Peterburqa yönləndirilib və Ermənistanın baş naziri səhər saatlarında yoluna davam edərək Moskvaya gəlib. Ötən gecə Moskvaya edilən PUA hücumu son ayların ən böyük hücumlarından biri hesab olunur. Moskva meri Sergey Sobyaninin məlumatına görə, dekabrın 11-də gecə yarısından sonra paytaxtı hədəf alan 39 pilotsuz uçuş aparatı vurulub.
Təhlükəsizlik tədbirləri səbəbindən Moskvadakı bütün hava limanları eniş və uçuşlara bağlanıb. “TASS”-ın informasiya xidmətləri və onlayn hava limanı lövhələrinin məlumatlarına əsasən, təxminən 40 reys Moskvaya enə bilməyib və alternativ hava limanlarına yönləndirilib, bir sıra uçuşlar isə ləğv edilib və ya gecikib.
Niyaz Hacıyev
Sfera.az