Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda ölkənin Avrasiya İqtisadi Birliyindən (AİB) çıxmaq kimi bir planı yoxdur. O, eyni zamanda qeyd edib ki, Ermənistanın uzunmüddətli məqsədi Avropa İttifaqına (Aİ) üzvlükdür və bu halda AİB-də qalmaq mümkün olmayacaq. Paşinyanın sözlərinə görə, seçim anı gələndə qərar veriləcək, lakin hazırkı mərhələdə belə bir addıma ehtiyac yoxdur.
Ermənistanın Aİ-yə üzvlük üçün AİB-dən çıxarsa bu, ölkənin regional siyasətinə necə təsir göstərə bilər?
Sfera.az-a məsələ ilə bağlı açıqlama verən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, hüquqi və praktiki baxımdan Ermənistan Aİ-yə üzv olacağı halda, uzunmüddətli dövrdə AİB-də qalması real görünmür:
“Bu, əlbəttə ki, dərhal və məcburi şəkildə baş verə bilməz. Çünki belə qərarlar qəbul olunarkən seçilmiş siyasi kurs, mövcud təsir imkanları, qarşılıqlı öhdəliklərin vəziyyəti və onların dəyişmə perspektivləri nəzərə alınmalıdır. Lakin yenə də uzun müddətli perspektivdə iki tam fərqli iqtisadi blokun paralel şəkildə davam etdirilməsi Ermənistan üçün mümkün sayılmır. Məhz buna görə baş nazir Nikol Paşinyan “zamanı gələndə qərar veriləcək” ifadəsini işlədir və hazırda belə bir planın olmadığını bildirir”.
Ç.Şahbazi hazırda Ermənistanın Aİ ilə münasibətlərini xeyli dərəcədə gücləndirdiyini qeyd edib:
“Bu ilin yanvarından etibarən hökumət səviyyəsində, mart-aprel aylarından isə parlament müstəvisində Aİ-yə inteqrasiyaya dair hüquqi addımlar atılıb. Aprel ayında Ermənistan prezidenti bu istiqamətdə qanunu imzalayıb. Üzvlük prosesi uzunmərhələli olduğu üçün imzalanan bu sənəd rəsmi müraciətin ilkin siyasi qərarı kimi də qiymətləndirilir. Eyni zamanda bu hüquqi akt Aİ-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını formalaşdırır. Ermənistan bütün sahələr üzrə Avropa ilə əlaqələrini genişləndirir və bu, təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Bununla yanaşı, ölkə eyni vaxtda AİB-də üzvlüyünü də qoruyub saxlayır. Bu, Ermənistan-Rusiya münasibətlərinin gərginliyinə rəğmən, İrəvan üçün müəyyən manevr imkanı yaradır. Ermənistan həmçinin Aİ-dən maliyyə və layihə dəstəyi alır ki, bu da ölkənin iki blok arasında balans saxlayaraq öz dayanıqlığını artırmaq cəhdini göstərir”.
Siyasi ekspert əlavə edib ki, mövcud tendensiyaya əsaslanaraq demək olar ki, Ermənistan tədricən Aİ-yə inteqrasiyanı davam etdirəcək:
“Bu, həm ölkə daxilində iqtisadi inkişaf, həm də regionda siyasi sabitlik baxımından Ermənistan üçün faydalı ola bilər. Ermənistanın Avropaya yaxınlaşması region üçün təhlükə mənbəyi kimi qiymətləndirilməməlidir. Bununla yanaşı, Aİ-nin Cənubi Qafqaz siyasətində bəzən qərəzli görünən addımların da mövcudluğunu qeyd etmək vacibdir”.
Fidan Hacızadə
Sfera.az