Bir sıra ölkələr 16 yaşdan kiçik şəxslərin sosial mediaya çıxışını məhdudlaşdırmağı planlaşdırır.


 


Bu məsələ ilə bağlı müzakirələr fonunda, əgər sözügedən qanun Azərbaycanda da tətbiq olunsa, ailədaxili münasibətlərə, valideyn-uşaq ünsiyyətinə və yeniyetmələrin psixososial inkişafına necə təsir göstərə bilər?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Elgül Ağarzayeva bildirib ki, bu mövzu olduqca həssas və çoxşaxəlidir. Sosial mediaya yaş məhdudiyyətinin tətbiqi təkcə texnoloji deyil, eyni zamanda psixoloji, ailəvi və sosial nəticələr doğura bilər:


 



 


“İlk növbədə ailədaxili münasibətlər baxımından desək, belə bir məhdudiyyət valideynlərin nəzarət və məsuliyyət rolunu daha da gücləndirə bilər. Bu, düzgün yanaşma olduqda ailədə sərhədlərin müəyyənləşməsi, uşağın təhlükəsizliyinin qorunması və valideynin rəhbər fiqur kimi mövqeyinin möhkəmlənməsi ilə nəticələnə bilər. Lakin əks halda, yəni qadağalar izah edilmədən, dialoq qurulmadan tətbiq olunarsa, bu, ailədaxili gərginlik, konflikt və qarşılıqlı etimadsızlıq yarada bilər. Valideyn-uşaq ünsiyyəti baxımından bu qanun həm fürsət, həm də risk daşıyır. Fürsət ondan ibarətdir ki, valideynlər övladları ilə daha çox üz-üzə ünsiyyət qurmağa, onların real ehtiyaclarını və emosional dünyasını daha yaxından tanımağa yönələ bilərlər. Risk isə ondadır ki, yeniyetmənin “mənə güvənmirlər”, “məni başa düşmürlər” kimi düşüncələri güclənə və bu, ünsiyyətdə qapanmaya səbəb ola bilər. Xüsusilə yeniyetməlik dövrü avtonomiya və özünüifadə ehtiyacının artdığı bir mərhələdir və bu ehtiyaclar nəzərə alınmadıqda üsyankar davranışlar müşahidə oluna bilər”.


 


Psixoloq yeniyetmələrin psixososial inkişafı baxımından məsələyə daha balanslı yanaşmağın vacib olduğunu vurğulayıb:


 


“Sosial media bir tərəfdən yeniyetmələr üçün özünüifadə, sosial aidiyyət və informasiya mənbəyi rolunu oynayır. Digər tərəfdən isə müqayisə, kiberzorakılıq, asılılıq, özünəinamın zəifləməsi və emosional gərginlik kimi risklər yaradır. Yaş məhdudiyyəti bu risklərin azalmasına kömək edə bilər, lakin paralel olaraq yeniyetmənin real həyatda sosial bacarıqlarını inkişaf etdirəcək alternativ imkanlar, idman, incəsənət, sosial fəaliyyətlər, açıq ünsiyyət mühitləri yaradılmazsa, bu boşluq psixoloji narahatlıqlara yol aça bilər. Nəticə olaraq demək olar ki, belə bir qanun təkbaşına həll yolu deyil. Əgər bu məhdudiyyət tətbiq olunarsa, onun effektivliyi valideyn maarifləndirilməsi, psixoloji savadlılıq, məktəblərdə rəqəmsal etik davranışın öyrədilməsi və ailədaxili sağlam ünsiyyət mədəniyyətinin formalaşdırılması ilə birgə aparılmalıdır. Əks halda, məqsəd qorumaq olsa da, nəticə olaraq daha dərin psixoloji və münasibət problemləri yarana bilər”.


 


Fidan Hacızadə


Sfera.az