Ötən gün Almaniyanın paytaxtı Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar keçirilib. Məlumata görə, tərəflər arasında aparılan müzakirələrin bu gün Berlində davam etdirilməsi planlaşdırılır.


 


Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar Ukrayna münaqişəsinin həlli baxımından hansı real nəticələr vəd edir?


 


Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, dünəndən Berlində başlayan, bu gün isə ikitərəfli formatda davam edən danışıqlarda Ukrayna-Rusiya müharibəsinin dayandırılması ilə bağlı məsələlər müzakirə ediləcək:


 



 


“Nəzərə alsaq ki, bu görüşdə Böyük Britaniya, Almaniya, Fransa və Ukrayna rəhbərləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff da iştirak edirlər. Eyni zamanda, Trampın irəli sürdüyü sülh planı ilə Avropa və Ukraynanın təqdim etdiyi variantlar arasında kifayət qədər ciddi fərqlərin mövcud olduğu da məlumdur. Müəyyən gözləntilər var ki, bu gün ABŞ nümayəndə heyəti Avropa İttifaqı və Ukraynanın irəli sürdüyü təkliflərin bəzi hissələrinə razılıq verə bilər. Burada bir neçə vacib məqam xüsusi diqqət çəkir. Belə ki, Ukrayna təklif olunan paket çərçivəsində NATO-ya üzvlük iddialarından imtina edir. Lakin eyni zamanda ordusunun şəxsi heyətinin sayının 800 min nəfər səviyyəsində saxlanılmasında israrlıdır”.


 


Politoloq qeyd edib ki, bundan əlavə, Donald Trampın və Rusiyanın irəli sürdüyü variantda Donbasın işğal olunmamış ərazilərindən Ukrayna silahlı qüvvələrinin çıxarılması və həmin bölgələrin Moskvanın nəzarətinə keçməsi nəzərdə tutulurdu:


 


“Kiyev isə bu yanaşmanı qəbul etməyərək alternativ təklif irəli sürür. Həmin təşəbbüsə əsasən, sözügedən ərazilər boşaldıla bilər, lakin onlar Rusiyanın deyil, ABŞ-nin nəzarətində olan azad iqtisadi zona statusu almalıdır. Bu məsələlərlə bağlı aparılan danışıqlarda ABŞ nümayəndələrinin mövqeyi ilə yanaşı, eyni zamanda əldə olunacaq razılaşmalara Rusiyanın hansı münasibət göstərəcəyi də nəzərə alınmalıdır. Çünki Moskvanın hazırkı mövqeyi son dərəcə maksimalist xarakter daşıyır. Rusiya Donbasın bütün hissələrinin və işğal etdiyi digər ərazilərin onun nəzarətində qalmasını, üstəlik bunun beynəlxalq səviyyədə tanınmasını tələb edir”.


 


O.Qasımov bu baxımdan, əgər Berlində Avropa və ABŞ arasında mövqelər uzlaşarsa, Vaşinqtonun Rusiya üzərində müəyyən təzyiq mexanizmlərindən istifadə etməsinin mümkün olduğunu əlavə edib:


 


“Lakin indiki mərhələdə ABŞ-nin yanaşmasına nəzər saldıqda, rəsmi Vaşinqtonun Avropa ilə, xüsusən də qitənin təhlükəsizliyi məsələlərində müəyyən qədər məsafə saxladığı və bu mövzuya əvvəlki qədər maraq göstərmədiyi görünür. Bu görüşdə müəyyən irəliləyişlər əldə olunsa belə, qeyd etmək lazımdır ki, münaqişənin əsas tərəflərindən biri olan Rusiyanın əldə edilən razılaşmalara münasibəti həlledici əhəmiyyət daşıyır. Moskva bu şərtləri qəbul edərsə, planın icrası mümkün ola bilər. Əks halda isə sənəd yalnız kağız üzərində qalacaq və görünən odur ki, Rusiya müharibəni müəyyən müddət davam etdirməklə öz tələblərini qəbul etdirmək niyyətindədir”.


 


Fidan Hacızadə


Sfera.az