Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşünü uğurlu və məhsuldar adlandırıb. O bildirib ki, Aşqabad görüşündən sonra ABŞ Prezidenti Donald Trampla Ukrayna üçün sülh planını müzakirə etməyə çalışacaq. Ərdoğan vurğulayıb ki, xarici işlər nazirinin Vaşinqtonla daim əlaqədə olması və liderlərin telefon danışıqları sülh prosesinə töhfə verir.


 


Münaqişənin hansı mərhələsində Türkiyə mühüm rol oynaya bilər?


 


Suallarımızı cavablandıran politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, Ukrayna və Rusiya arasında ABŞ-dən daha əvvəl Türkiyənin sülh təşəbbüsü və bu yöndə səyləri məlumdur.


 


Onun sözlərinə görə, hətta hər iki dövlətin liderinin görüşüb danışması üçün də müəyyən müzakirələr aparılıb:


 


“Sonra ABŞ-nin sülhə dair təklif verməsi Türkiyənin bu yöndəki mövqeyini daha da möhkəmləndirdi. Hazırda əsas problem Volodimir Zelenskinin itirilmiş torpaqların taleyi ilə barışmasıdır. Həmçinin Rusiya liderinin Ukraynanı işğalını dayandırmasıdır. Müzakirə bunun üzərində gedir. Hər iki tərəfin bu yöndə razılığa gəlməsi üçün ABŞ ilə birgə Türkiyənin də böyük rolu və təsiri var. ABŞ-nin əsas hədəfi Çindir. Ukrayna müharibəsi də Rusiya ilə Çinin daha da sıx birləşməsinə, ticarət və iqtisadi əlaqələrini genişləndirməsinə səbəb olur. Odur ki, Donald Trampın siyasəti Rusiyanı uzaqlaşdırıb Çinə, İrana daha yaxınlaşdırmaq yox, özünə yaxınlaşdırmaqdır. Burada digər regional maraqlar, siyasi, iqtisadi, ticari əlaqələr nəzərdə tutulur”.


 



 


Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həlledici məqamda əsas məqsədi ortaya qoyması və sülhün real olduğunu ifadə etməsi hər halda bu maraqlar məsələsində Türkiyənin də rolunu istisna etmir:


 


“Türkiyə ilə ABŞ-nin sülh üçün birgə səyləri, digər tərəfdən də Ukrayna lideri ilə danışıqlar şübhəsiz ki, artıq sülhün qapıda olduğunu göstərir. Münaqişənin əsas və həlledici mərhələsində Türkiyə müstəsna rol oynayacaq. Əslində bu real sülhün təşəbbüsü və reallaşması Türkiyə tərəfindən irəli sürülüb. Vaşinqtonun da nüfuzundan istifadə olunaraq hazırda meydanda olan məlum sülh planı heç şübhəsiz ki, Türkiyənin qatqısı ilə mümkün olacaq. Putinlə görüşün səmərəli olması müzakirə edilən mövzularda razılığa gəlinməsi deməkdir. Bu da onu göstərir ki, təkcə Ukrayna məsələsində deyil, ümumiyyətlə regional narahatlıqlarla bağlı da Türkiyə öz mövqeyini ortaya qoyub və nəticədən razı qalıb”.


 


Niyaz Hacıyev 

Sfera.az