Hava şəraitinin sürətlə dəyişməsi bu gün təkcə meteoroloqların deyil, həm də səhiyyə mütəxəssislərinin diqqət mərkəzindədir. Temperaturun qəfil enməsi və qalxması, rütubət səviyyəsinin dəyişməsi və ekstremal hava hadisələrinin artması bir çox xəstəliyin yaranmasına və yayılmasına şərait yaradır.
2025-ci ilin payız və qış mövsümlərində dünyada daima qeyri-sabit hava şəraitləri müşahidə olunub. Məsələn, Asiyada qeyri-adi erkən soyuq dalğalar nəticəsində uşaqlar və yaşlılar arasında respirator xəstəliklərin – xroniki öskürək, yüksək temperatur və pnevmoniya hallarının artdığı qeyd edilir. Eyni zamanda, tropik bölgələrdə iqlim dəyişikliyi ilə əlaqədar vektorlarla ötürülən xəstəliklər, o cümlədən “dengue” yüksək sürətlə yayılır. 2025-ci il ərzində Sakit Okean adalarında 16 500-dən çox təsdiqlənmiş “dengue” xəstəliyi halı və 17 ölüm qeydə alınıb.
Hətta Azərbaycanda da 2025-ci ilin əvvəlindən etibarən fəsil dəyişiklikləri ilə bağlı respirator virusların – mövsümi qrip və digər kəskin tənəffüs yolu infeksiyalarının daha geniş yayıldığı bildirilir. Bu xəstəliklərin simptomları arasında soyuqdəymə, qızdırma və öskürək kimi əlamətlər var, bəzi hallarda pnevmoniya kimi ağırlaşmalar müşahidə olunur.
Belə bir şəraitdə uşaqlar və yetkinlər arasında xəstəliklərin artması valideynləri, təhsil işçilərini və səhiyyə sistemini daha diqqətli olmağa məcbur edir. Mütəxəssislər xəstəliklərin qarşısını almaqda profilaktikanın – düzgün geyinmək, vaxtında peyvənd olunmaq və bədən müqavimətini gücləndirən sağlam həyat tərzinin çox vacib olduğunu vurğulayırlar.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən tibbi ekspert, həkim-terapevt Rasif Bağırov bildirib ki, hava şəraitinin dəyişməsi ilə bağlı insanlarda immun sisteminin zəifləməsi xəstəliklərin yayılmasına şərait yaradır.
Onun sözlərinə görə, ən çox rast gəlinən xəstəliklər yuxarı tənəffüs yollarının və ağciyərdə gedən iltihablı proseslərin əmələ gəlməsidir:
“Azyaşlı uşaqlar adətən məktəbdə xəstələnir, çünki biri xəstə olanda digərinə də yoluxdurur. Beləliklə də yoluxmalar artır. Böyüklər isə kifayət qədər qoruna bilmir. Bu proses bəzən uşaqlardan, bəzən düşdükləri şəraitdən və ya iş yerlərindən qaynaqlana bilir. Uşaqlarda və böyüklərdə xəstəlik tamamilə başqa cür inkişaf edir. Valideynlərdə ağciyərdə pnevmoniya müşahidə oluna bilir”.
Həkim qeyd edib ki, bəzən insanlar xəstəliyə kifayət qədər ciddi yanaşmırlar:
“Xəstəlik 10-15 günə çatanda gedirlər həkimə. Belə olanda da iltihab inkişaf etməyə başlayır. Xəstəlik başlayanda həkimə müraciət edəndə müalicə daha effektiv və sürətli olur. Həmçinin, hava şəraitinə uyğun olaraq isti geyimlərə üstünlük verilməlidir. Yelçəkən olan yerdə küləyin qarşısında dayanmamaq, özünü qorumaq, vaxtında qidalanmaq və istirahət etmək lazımdır ki, bədənin müqaviməti yaxşı olsun”.
Firuzə Əliyeva
Sfera.az