Avropanın təhlükəsizlik gündəmi son illərdə köklü şəkildə dəyişib. Finlandiya Prezidenti Aleksandr Stubbun “Rusiya Avropa üçün bir nömrəli təhdiddir” bəyanatı da bu narahatlıqların rəsmi səviyyədə açıq ifadəsi kimi qiymətləndirilib.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə səslənən bu açıqlama Avropanın gələcək təhlükəsizlik strategiyasını yenidən gündəmə gətirib.
Belə bir vəziyyətdə əsas sual isə ondan ibarətdir: Avropa bu təhdid qarşısında hansı addımları atmalıdır və qitə vahid hərbi qüvvənin formalaşdırılmasına nə dərəcədə hazırdır?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kazım Kazımov Finlandiya prezidentinin səsləndirdiyi fikirlərdə müəyyən haqlı nüansların olduğunu qeyd edib. Onun sözlərinə əsasən, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə Moskvanın təkcə Ukrayna ilə deyil, eyni zamanda Şərqi Avropa ilə bağlı da müxtəlif təhdidlər səsləndirdiyi məlumdur:
“Finlandiya isə Rusiyanı tarixən təhlükə mənbəyi kimi qiymətləndirən ölkələrdən biridir. Xatırladaq ki, 1940-cı illərin əvvəllərində baş verən və “Qış müharibəsi” kimi tanınan qarşıdurma zamanı Finlandiya öz ərazilərinin bir hissəsini Sovet İttifaqına uduzmuşdu. İkinci Dünya müharibəsindən sonra uzun illər neytrallıq siyasəti yürüdən Finlandiya son hadisələr fonunda bu mövqeyini dəyişməyə məcbur qaldı. Rusiya-Ukrayna müharibəsindən sonra öz təhlükəsizliyini risk altında görən və müdafiə imkanlarının yetərli olmadığını anlayan Finlandiya NATO-ya üzv oldu. Bununla da NATO-nun Rusiya ilə sərhədləri daha da genişləndi”.
Ekspertin sözlərinə görə, bu addım Moskvanın narazılığına səbəb olub.
“Rusiya artıq Finlandiyanı da ən azı potensial rəqib ölkələr sırasında görür. Ümumilikdə isə Rusiya bu gün Avropanı özünə rəqib kimi qəbul etməyə başlayıb və Şərqi Avropa uğrunda iddialı tərəflərin sayı Moskva daxilində də artmaqdadır. Digər tərəfdən, Avropanın hansı addımları atmalı olduğu sualı da aktuallaşıb. Avropanın ata biləcəyi minimum addım öz müdafiə mexanizmlərini gücləndirmək və hərbi büdcəni artırmaqdır. Çünki 1945-ci ildən bəri NATO və ABŞ-nin dəstəyi altında özünü təhlükəsiz hiss edən Şərqi Avropa üçün bu dövr müəyyən mənada başa çatıb.
Xüsusilə Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bu reallıq daha aydın görünməyə başlayıb. NATO-nun da müəyyən islahatlara ehtiyacı var. Təşkilat XXI əsrin mövcud çağırışlarına tam cavab verə bilmir. Bununla yanaşı, Şərqi Avropa Rusiyanı həddindən artıq qıcıqlandıracaq addımlardan da çəkinməlidir. Çünki bu cür davranışlar münaqişənin daha da alovlanmasına səbəb ola bilər. Moskva Avropadan gələn bütün açıqlamaları diqqətlə izləyir və hesab edirəm ki, müharibə siqnalları verən açıqlamalar hər iki tərəfdə gərginliyi daha da artırır və qarşıdurmanı dərinləşdirir”.
Bəsti Rəfizadə
Sfera.az