İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “əgər İranda mövcud qanunlar İslam qanunları ilə ziddiyyət təşkil edirsə, onlar dəyişdirilməlidir” açıqlaması ölkə daxilində və beynəlxalq müstəvidə diqqətlə izlənilir.
Spikerin hökumət idarəçiliyinin dini hökmlər tələb etdiyini vurğulaması, xüsusilə gənclər arasında artan narazılıqlar fonunda səslənməsi bu bəyanatın yalnız daxili auditoriyaya yox, həm də Qərbə ünvanlanan ideoloji mesaj olub-olmadığı sualını gündəmə gətirib.
Sfera.az-a bu haqda açıqlama verən politoloq Zaur Məmmədov, hazırda İranda müəyyən trendlərin mövcudluğunu və bu trendlərin əsasının bəzi dəyişikliklərə və siyasətdə yumşalmalara getmək olduğunu qeyd edib.
“Amma biz bunların daha çox bəyanatlar formasında olduğunu görürük, praktikada isə dəyişiklik yoxdur. Bu isə ondan xəbər verir ki, daxili auditoriya qarşısında özünü liberal kimi təqdim edən şəxslər tərəfindən belə bəyanatlar verilir. Bu, daha çox Qərbdən yox, İranın daxilindəki mövcud durumla bağlıdır və müəyyən ismarıclar da məhz buna hesablanıb. Eyni zamanda, sözsüz ki, bugünkü İranın siyasi hakimiyyəti oradakı bəzi qruplardan fərqli olaraq, doğrudan da, müəyyən islahatlara və dəyişikliklərə getmək istəyir. Elə qonşu dövlətlərə qarşı münasibətdəki dəyişikliklər, o cümlədən Azərbaycana qarşı münasibətlərdə müşahidə olunan yumşalma buna bir nümunədir. Bu da göstərir ki, bəzi qruplar arasında fikir dəyişikliyi var”.
Politoloqun sözlərinə görə, ümumiyyətlə İranın yeni prezidenti Pezeşkianın hakimiyyətə gəlməsindən sonra istər daxili siyasətlə, istərsə də xarici siyasətlə bağlı kifayət qədər fərqli və əvvəllər mövcud olmayan bəyanatların İran siyasətçiləri tərəfindən səsləndirildiyi açıq görünür:
“Bunun isə əslində müəyyən nəticələri var. Bu dəyişikliklər İranın xarici siyasətində də özünü göstərir, proses təkamül edir və eyni zamanda daxildəki müəyyən məsələlərdə də daha qabarıq şəkildə hiss olunur. Hər halda, əslində Pezeşkian İran üçün bir yoldur, bəlkə də bir xilas yoludur. Sonrakı aylar və illər göstərəcək ki, İran hansı səmtə gedir: İran-ABŞ, İran-İsrail münasibətlərində, eləcə də daxildəki məsələlərlə bağlı siyasi və dini hakimiyyət hansı yanaşmaya üstünlük verəcək, bunu zaman göstərəcək”.
Məsələ ilə bağlı açıqlama verən, “Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, bu məsələlərin gündəmə gəlməsi təsadüfi qiymətləndirilməməlidir:
“Məsələ burasındadır ki, İranda mövcud olan mühafizəkar qanunlar və sərt idarəçilik metodları ölkədə, xüsusilə gənc əhali arasında ciddi narazılıq yaradır. Düşünürəm ki, məsələ konkret olaraq hansısa islam qanunlarının İran qanunları ilə ziddiyyət təşkil etməsi ilə bağlı deyil. Əsas məsələ ondan ibarətdir ki, İran prezidenti Pezeşkian və onun komandası gənclərə, qadınlara və müxtəlif sosial qruplara müəyyən azadlıqların verilməsi, bu istiqamətdə mühafizəkar qaydaların dəyişdirilməsi ilə bağlı məsələlər üzərində dayanırlar. Xüsusilə milli məsələlərdə daha adekvat yanaşmaların göstərilməsinin vacibliyini önə çəkirlər”.
Ekspertin sözlərinə əsasən, hazırkı rejimə qarşı gənclər və qadınlar arasında kifayət qədər ciddi narazılıqlar mövcuddur:
“İran hakimiyyəti də düşünür ki, bu narazılıqların azaldılması və aradan qaldırılması üçün qanun və qaydalarda müəyyən yumşalmalara gedilməli, sərt normalar tədricən yüngülləşdirilməlidir. Təbii ki, mənə elə gəlir ki, məsələnin əsas motivi məhz buradan qaynaqlanır. Eyni zamanda, Qərbə müəyyən mesajların verilməsi, münasibətlərin normallaşdırılması məqsədilə bəzi açıqlamaların səsləndirilməsi və addımların atılması cəhdləri də istisna deyil. Amma düşünürəm ki, əsas məsələ cəmiyyətdə formalaşan narazılıq məqamlarını aradan qaldırmaq üçün atılan addımlardır”.
Bəsti Rəfizadə
Sfera.az