Mütəmadi olaraq stress, manipulyasiya və emosional təzyiqə səbəb olan “zəhərli” münasibətlər yalnız münasibət sahəsində deyil, insanın psixoloji sağlamlığına da ciddi təsir göstərir. Bu cür münasibətlər uzunmüddətli dövrdə şəxsin davranış və emosional vəziyyətində dərin problemlərə yol aça bilər.
Psixoloq Ofelya Məmmədova Sfera.az-a açıqlamasında bildirib ki, zəhərli (toksik) münasibət insanın emosional təhlükəsizliyini sistemli şəkildə pozan, özünə inamını zəiflədən və daxili tarazlığını sarsıdan münasibətlərdir.
Onun sözlərinə görə, burada əsas problem münaqişə deyil, insanın zamanla özünü itirdiyini hiss etməsidir:
“İnsan bu vəziyyəti tez dərk etmir. Çünki bu münasibətlər səs-küylə yox, damla-damla təsir edir. İnsan sevdiyi üçün susur, anlayış göstərir, geri çəkilir. Amma geri çəkildikcə öz səsi içində boğulur. İnsanda psixoloji olaraq bir çox mənfi təsirlər yaranır. İlk mərhələdə özünə inam zəifləyir, emosional stabillik pozulur. İnsan hisslərinə şübhə edir, daxili gərginlik artır. Uzun müddət davam edərsə, öz dəyər hissini zəiflədir. Öyrənilmiş çarəsizlik yarada bilər.Travmatik bağlanma (trauma bond) riskini artırır, xroniki narahatlıq, depressiv əlamətlər və sevgi qorxusu yarana bilər.İnsan sərhəd qoya bilmir, daim qarşı tərəfi razı salmağa çalışır. Bəzən tam susur, bəzən isə yığılan emosiyaların qəfil partlaması ilə özünü göstərir. Bu, daxildə yığılan psixoloji yükün nəticəsidir”.
Psixoloq qeyd edib ki, zəhərli münasibət insanın özünə baxışına da təsir edir:
“İnsan dəyərini başqasının münasibətinə görə ölçməyə başlayır. “Mən kifayət deyiləm”, “mən layiq deyiləm” kimi dərin və dağıdıcı inanclar formalaşır. Bu isə uzunmüddətli psixoloji travmalara yol aça bilər. Zəhərli münasibətlərin ən zərərli tərəfi odur ki, insan zərəri sevgi, nəzarəti qayğı, ağrını bağlılıq kimi qəbul etməyə başlayır”.
Müsahibimiz bildirib ki, sevgi insanı qorxutmamalı, susdurmamalı və kiçiltməməlidir:
“Əgər bir münasibətdə daim özünü müdafiə etməli olursansa, orada artıq sevgi yox, psixoloji təhlükə var. Bu siqnalları vaxtında görmək və lazım gələrsə psixoloji dəstək almaq çox vacibdir”.
Niyaz Hacıyev
Sfera.az