Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin qiyməti 0,72 faiz artaraq 4 359 ABŞ dollarına yüksəlib.


 


Qiymət artımını Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə əlaqələndirirlər.


 


Maraqlıdır, belə olan halda qızılın qiymətində müşahidə olunan artım tendensiyası 2026-cı ilin hansı rübünədək davam edə bilər? Rusiya-Ukrayna müharibəsi başa çatarsa, qızıl bazarında kəskin fərqlərin olma ehtimalı varmı?


 


Sfera.az-a bununla bağlı açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, COMEX-də qızıl fyuçerslərinin 4 359 dollar səviyyəsinə yüksəlməsi bazarda həm geosiyasi risklərin, həm də ümumi qeyri-müəyyənliyin hələ də güclü qalmasından xəbər verir:


 



 


“Mövcud beynəlxalq analitik proqnozlara və iqtisadi məntiqə əsasən, qızılın qiymətində müşahidə olunan yüksəliş tendensiyası 2026-cı ilin sonunadək, ən azı üçüncü-dördüncü rübə qədər davam edə bilər. Bunun əsas səbəbləri mərkəzi bankların qızıl ehtiyatlarını artırması, qlobal inflyasiya risklərinin tam aradan qalxmaması, faiz dərəcələrinin yüksək səviyyədə qalacağına dair gözləntilər və investorların təhlükəsiz aktivlərə marağının qorunmasıdır. Yəni artım yalnız bir faktora deyil, bir neçə uzunmüddətli amilin cəminə söykənir”.


 


İqtisadçı Rusiya-Ukrayna müharibəsinin başa çatması halında qızıl bazarında müəyyən psixoloji təsirin yaranmasının mümkün olduğunu əlavə edib:


 


"Müharibə qızıl üçün mühüm “təhlükəsiz liman” faktorlarından biridir və bu riskin azalması qısa müddətdə qiymətlərdə düzəlişə səbəb ola bilər. Lakin bu, adətən kəskin və uzunmüddətli ucuzlaşma ilə nəticələnmir. Təcrübə göstərir ki, geosiyasi risklər azaldıqda qızılın qiyməti bir qədər geri çəkilsə də, əgər inflyasiya, dolların zəifləməsi və ya qlobal maliyyə qeyri-sabitliyi davam edirsə, qiymətlər yenidən yüksək səviyyədə sabitləşir. Bu baxımdan müharibənin bitməsi qızılın birdən-birə ciddi şəkildə ucuzlaşacağı anlamına gəlmir. Daha real gözlənti qiymət artım tempinin zəifləməsi və ya qısamüddətli enişlərdən sonra bazarın yeni tarazlıq səviyyəsi tapmasıdır. 2026-cı il perspektivində qızılın taleyini təkcə müharibənin gedişi deyil, ABŞ Federal Ehtiyat Sisteminin siyasəti, dolların məzənnəsi və qlobal iqtisadi risklər müəyyən edəcək”.


 


Fidan Hacızadə


Sfera.az