Son dövrlərdə əhalidə kənd yumurtalarına tələb artır. Buna görə də kənd yumurtaları satan yerlərin sayında da artım müşahidə edilir. İndi yalnız fərdi şəxslər deyil, iri mağazalar da kənd yumurtaları satır.  Kənd yumurtalarının qiyməti də yüksəkdir. Hazırda bir ədəd kənd yumurtası 35-40 qəpiyə satılır. Bu qiymət broyler yumurtalarının qiymətindən təxminən 2 dəfə yüksəkdir. 


 


Maraqlıdır, kənd yumurtalarına artan tələb nə ilə bağlıdır?  


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, son dövrlərdə kənd yumurtalarına tələbin artmasının psixoloji, sosial və qismən də texnoloji səbəbi var. 


 


Onun sözlərinə görə, bu artım broyler yumurtalarının keyfiyyətsiz olması mənasına gəlmir, lakin istehlakçı davranışında ciddi dəyişikliklər müşahidə olunur.


 


Ekspert kənd yumurtalarına tələbin artma səbəblərini sadalayıb:


 


““Təbii və kənd məhsulu” tələbi insanların böyük qisminin kənd yumurtasını hormonsuz, antibiotiksiz, GMO yemlə bəslənməyən, açıq şəraitdə gəzən toyuq yumurtası kimi qəbul edir. Bu düşüncə həmişə tələbi gücləndirir. Rəng və dad faktoru da var. Kənd yumurtalarının sarısının daha tünd olması istehlakçıda keyfiyyətli məhsul təəssüratı yaradır. Halbuki sarının rəngi əsasən yemin tərkibindən asılıdır”.


 



 


F.Səfərov qeyd edib ki, broyler yumurtaları keyfiyyətsiz deyil:


 


“Rəsmi və nəzarətli quşçuluq təsərrüfatlarında istehsal olunan broyler yumurtaları AQTA nəzarətindən keçir, sanitar-gigiyenik standartlara uyğun olur, qida dəyəri baxımından kənd yumurtasından ciddi fərqlənmir. Zülal, yağ, vitamin və mineral tərkibi baxımından fərq minimaldır. Əsas fərq saxlanma şəraiti, yem tərkibi, toyuğun hərəkət imkanları ilə bağlıdır, bu da qida təhlükəsizliyindən çox istehsal üsulu fərqidir”.


 


Mütəxəssis qiymət fərqinin səbəblərindən də danışıb:


 


“Kənd yumurtaları az miqdarda istehsal olunur, məhsuldarlıq aşağıdır, logistikası çətindir, mövsümi dəyişkəndir. Bu səbəbdən təklif az, tələb çox olduğu üçün qiymət yüksəkdir. Kənd yumurtalarına tələbin artması broyler yumurtalarının təhlükəli olması ilə yox, insanların “daha təbii qida” axtarışı, psixoloji rahatlıq və inam hissi, trend və imic faktoru ilə bağlıdır. Əgər istehlakçı üçün əsas meyar təhlükəsizlikdirsə, rəsmi nəzarətdən keçmiş broyler yumurtaları da tam qənaətbəxşdir. Əsas məsələ yumurtanın haradan alındığı və necə saxlandığıdır”. 

 


Firuzə Əliyeva

Sfera.az