Uşaqların bağçaya getməsi, sosiallaşması və gələcəkdə cəmiyyətə daha rahat uyğunlaşması baxımından mühüm mərhələ hesab olunur. Lakin valideynləri narahat edən əsas məqamlardan biri də bağçaya gedən uşaqların daha tez-tez xəstələnməsidir.


 


Xüsusilə çoxsaylı uşağın bir arada olduğu bağça mühitində infeksiyaların sürətlə yayılması bu narahatlıqları daha da artırır.


 


Bəs valideynlər bu halda nələrə diqqət etməlidir və uşaqların tez-tez xəstələnməsinin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?


 


Məsələ ilə Sfera.az-a açıqlama verən pediatr Sevda Novruzlu, həqiqətən də bağçaların, məktəbəqədər təhsil müəssisələrinin və məktəblərin uşaqların sosiallaşdığı ən ideal kollektivlər olduğunu qeyd edib.


 



 


“Lakin bütün bunlara baxmayaraq, kollektiv şəraitdə uşaqların tez-tez xəstələnməsi halları müşahidə olunur. Xüsusilə qış fəslində bu cür xəstəliklər daha da artır. İlk olaraq qeyd etmək lazımdır ki, bütün valideynlər uşaqların yaşına uyğun bütün peyvəndlərini vaxtında etdirməlidirlər. Eyni zamanda, məktəbə və ya bağçaya getməzdən ən azı iki həftə əvvəl uşaqlara qrip əleyhinə peyvənd vurulmalıdır. Hazırda bu peyvəndlər dövlət müəssisələrinin poliklinikalarında mövcuddur və vurulması tövsiyə olunur. Qrip əleyhinə peyvəndlər uşaqların daha az xəstələnməsinə kömək edir”.


 


Mütəxəssisin sözlərinə əsasən, bağçaya və ya məktəbəqədər təhsil müəssisəsinə başlamazdan əvvəl mütləq qiymətləndirilməli olan əsas müayinələrdən biri qanın ümumi analizidir:


 


“Qanın ümumi analizi zamanı göstəricilər normadan aşağı olduqda, bu tip uşaqların daha tez-tez xəstələnməyə meyilli olduğu müşahidə edilir. Eyni zamanda, belə uşaqlarda iştah zəifliyi də olur. Halbuki bu uşaqların vitamin və minerallarla zəngin qidalarla qidalanması vacibdir. Bəzi uşaqlar isə demək olar ki, ümumiyyətlə ət məhsulları yemirlər ki, bu da qanın ümumi göstəricilərinə təsir göstərir. Ona görə də qan dəyərləri mütləq nəzarət altında saxlanılmalıdır. Bu səbəbdən valideynlər uşaqları bağçaya yerləşdirməzdən əvvəl onları lazımi rutin müayinələrdən keçirməlidirlər. Qanın ümumi analizi aparılmalı, nəticələrə uyğun vitamin və minerallar təyin edilməli, peyvəndlər tamamlanmalı və eyni zamanda şəxsi gigiyena qaydalarına ciddi şəkildə riayət olunmalıdır”.


 


Bəsti Rəfizadə


Sfera.az