Xarici mənbələrin məlumatına görə, ABŞ-də Donald Tramp administrasiyasına yaxın dairələr və respublikaçı biznes çevrələri Qəzza zolağında humanitar yardımın təşkili və müharibədən sonrakı bərpa prosesində aparıcı mövqelər tutmaq üçün aktiv şəkildə rəqabət aparır.


 


Bildirilib ki, Ağ Ev bu istiqamətdə paralel addımlar ataraq Cared Kuşner, Stiv Uitkoff və Ariye Laytstounun rəhbərliyi altında Qəzza ilə bağlı xüsusi işçi qrupu formalaşdırıb.


 


Həmçinin qeyd olunur ki, prosesə əvvəllər İlon Maskın dövlət xərclərinin azaldılması təşəbbüslərində iştirak etmiş iki keçmiş məmur da cəlb edilib.


 


ABŞ-də Tramp administrasiyasına yaxın dairələrin və respublikaçı biznes strukturlarının Qəzzada humanitar yardım və bərpa prosesində əsas rol almaq istəyi hansı siyasi və iqtisadi maraqlarla bağlıdır?


 


Politoloq Züriyə Qarayeva Sfera.az-a məsələ ilə bağlı açıqlamasında bildirib ki, xarici mənbələrin yaydığı məlumatlar göstərir ki, Tramp administrasiyası dövründən Ağ Evə yaxın olan respublikaçı biznes çevrələrinin Qəzza üçün humanitar yardım və bərpa prosesinə marağı sırf insani məqsədlərlə məhdudlaşmır:


 



 


“Qəzza zolağında müharibədən sonrakı yenidənqurma böyük həcmdə infrastruktur, enerji, rabitə və yaşayış layihələrini nəzərdə tutur və bu layihələrin maliyyə həcmi on milyardlarla dollarla ölçülür. ABŞ-dəki biznes elitasının bu yarışa aktiv daxil olması həmin regionda təsir imkanlarını artırmaq, bərpa proqramlarının yönləndirilməsi vasitəsilə siyasi proseslərə dolayı təsir göstərmək və regionun iqtisadi arxitekturasının qurulmasında aparıcı rol almaq istəyindən qaynaqlanır. Bu, həm də Vaşinqtonun Qəzza məsələsində geosiyasi mövqeyini gücləndirmək və müharibədən sonrakı siyasi nizamlamada əsas söz sahibi olmaq planı ilə uzlaşır”.


 


Politoloq əlavə edib ki, digər tərəfdən, prosesə Kuşner, Uitkoff, Laytstoun kimi şəxslərin və dövlət xərclərinin optimallaşdırılması sahəsində təcrübəsi olan keçmiş məmurların cəlb olunması Ağ Evin Qəzzanın yenidən qurulmasını iqtisadi imkan kimi qəbul etdiyini göstərir:


 


“Bu dairələr Qəzzanı həm strateji investisiya platforması, həm də Yaxın Şərqdə ABŞ təsirinin yenidən möhkəmləndirilməsi üçün vasitə kimi görürlər. Humanitar yardımın idarə olunması, logistik sistemlərin qurulması və bərpa layihələrinin həyata keçirilməsi ABŞ biznesinə böyük gəlir potensialı açır, paralel olaraq Vaşinqtonun regiondakı siyasi leverecini artırır. Nəticə etibarilə, Qəzza ilə bağlı xüsusi işçi qrupunun yaradılması həm iqtisadi maraqlara, həm də ABŞ-nin müharibədən sonrakı regional tənzimləmədə əsas aktor kimi qalmaq niyyətinə xidmət edir”.


 


Fidan Hacızadə


Sfera.az