“Hazırda müşahidə etdiyimiz hava şəraiti iqlim baxımından keçid dövrünə xasdır. Qış fəsli başlasa da, havalar tam sabit şəkildə soyumayıb. Temperatur tez-tez dəyişir”.


 


 Sfera.az bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Samir Quliyev deyib.


 


Onun sözlərinə görə, bu səbəbdən bir çox ağaclarda hələ də yaşıl yarpaqlar qalır:


 


“Bitkilər temperaturun davamlı aşağı düşməsini hiss etmədikdə yarpaq tökmə prosesini gecikdirir. Bakıda və Abşeron yarımadasında dəniz təsiri havanı nisbətən mülayim saxlayır. Şimal-şərq küləyi və temperaturun 0 dərəcədən yuxarı olması qar üçün əlverişli şərait yaratmır. Yağıntı olsa belə, bu daha çox yağış formasında müşahidə olunur. Qar yağması üçün havanın həm daha soyuq, həm də yağıntının intensiv olması vacibdir. Yaxın günlərdə Bakıya qar yağması real görünmür. Bunun üçün temperaturun gecə və gündüz mənfi dəyərlərdə sabit qalması lazımdır. Hazırkı proqnozlar isə belə bir şəraitin hələ formalaşmadığını göstərir. Dağlıq ərazilərdə qar normal haldır, lakin paytaxtda qar adətən daha gec və qısa müddətli olur”.