Xəbər verdiyimiz kimi, Sidneydə çimərlik kənarında atışma baş verib. Atışma zamanı hücumçulardan birinə silahsız müdaxilə edərək  zərərsizləşdirən və bununla da daha böyük itkilərin qarşısını alan adam da müsəlmandır. 


 


 


Sfera.az bildirir ki, kameralar Bondi çimərliyindəki hücum zamanı bir şəxsin qaçaraq hücumçulardan birini arxadan tutduğu, ov tüfəngini götürüb zərərsizləşdirdiyi anı lentə alıb.


 


Hücumçulardan birinin üzərinə atılaraq, onu zərərsizləşdirib və bir çox insanın həyatını xilas edən şəxsin Əhməd əl-Əhməd adlı tərəvəz satıcısı olduğu müəyyən edilib. Avstraliya mediası başda olmaqla artıq həm yerli sakinlər tərəfindən, həm də bütün dünyada Əhməd əl-Əhməd qəhrəman elan edilib.


 




43 yaşlı Əhməd hücum zamanı qolundan və əlindən güllələnib. İki uşaq atası olan Əhmədin əvvəllər odlu silahla bağlı heç bir təcrübəsi olmadığı vurğulanıb.


 


 


Əhmədin əmisi oğlu Mustafa xəstəxanada mediaya verdiyi müsahibədə bildirib ki, əmisi oğlu gecə əməliyyat olunacaq. Vəziyyətinin qənaətbəxş olduğunu deyən Mustafa deyib: "Ümid edirik ki, yaxşı olacaq, o, qəhrəmandır". O, əlavə edib ki, hələ əmisi oğlunu görə bilməyib, amma həkimlərin bir neçə saat ərzində buna icazə verməsini gözləyirlər.


 




New South Wales (Cənubi Uels) baş naziri Kris Minns Əhmədin hücumçuya qarşı müdaxiləsini indiyə qədər şahidi olduğu ən fövqəladə anlardan biri adlandırıb. Minns deyib: "O, əsl qəhrəmandır. Şübhəsiz ki, bu gecə bir çox insan onun cəsarəti sayəsində sağ qalıb".


 


 


"Sydney Morning Herald" qəzeti Əhmədi "çoxlu insanın həyatını xilas edən qəhrəman" adlandırıb, Avstraliya Yayım Korporasiyası (ABC) isə hücum edənlərdən birinin Bondi Çimərliyində arxadan tutan biri tərəfindən silahının müsadirə edildiyini bildirib.


 


 




Avstraliyanın Baş naziri Entoni Albanese mətbuat konfransında hücumun yəhudi avstraliyalıları hədəf aldığını bildirib. Ölkədəki müsəlman icmasının nümayəndələri hücumu pisləyib və həyatını itirənlərin ailələri və hücumdan zərər çəkənlərlə həmrəylik mesajları paylaşıblar.


 


Aynil