ABŞ-nin Ukrayna siyasətində mümkün kurs dəyişikliyi Avropa paytaxtlarında ciddi narahatlıq doğurur. Almaniya kansleri Fridrix Merts və digər Avropa liderləri Vaşinqtonun Kiyevə sülh sazişi çərçivəsində şərtlər irəli sürə, hətta Ukraynanı danışıqlarda tək qoya biləcəyindən ehtiyatlanır. Xüsusilə Donald Trampın mümkün addımlarının Avropanı sülh prosesindən kənarlaşdıracağı ilə bağlı qorxular fonunda əsas sual açıq qalır: ABŞ həqiqətən də belə bir addım ata bilərmi?
Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bilirib ki, ABŞ-nin ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi ilə bağlı planı birbaşa Rusiya ilə olan danışıqlar vasitəsilə münaqişənin dondurulması, ya da atəşkəsin əldə olunması istiqamətindədir.
Onun sözlərinə görə, bu istiqamətdə Kiyevə təzyiqlərin olması istisna edilmir:
“Çünki Donald Trampın 28 bəndlik sülh planına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, Ukraynanın müharibəyə başlama səbəbləri nəzərə alınmayaraq Rusiyanın maraqlarının əsas götürüldüyü bir layihə hazırlanıb. Bu plan Rusiyanın qalib elan olunduğunu göstərən sənədin əsasıdır. Bu istiqamətdə dəyərləndirdikdə, Avropa liderləri tərəfindən Donald Trampın Ukraynanı dəstəksiz qoyacağı, Avropanı sülh danışıqlarından kənarlaşdıracağı ilə bağlı olan iddialar müəyyən mənada son zamanlarda müşahidə olunan reallıqları əks etdirir”.
Politoloq qeyd edib ki, Ukraynaya ola biləcək təzyiqlər məhz, atəşkəsin yada ki, yekun bir müqavilənin imzalanması istiqamətində mümkün ola bilər:
“Bu, dönüş nöqtəsi yaradacaq. Avropanın ortaya qoyacağı mövqe və qətiyyətli yanaşmalar həm Ukraynanın taleyini, həm də Avropanın gələcəyi və təhlükəsizliyi ilə bağlı ola biləcək addımları müəyyənləşdirəcək əsas istiqamət kimi qiymətləndirilməlidir. Bu istiqamətdə ABŞ-dən daha çox Avropa dövlətləri real mövqe nümayiş etdirməyə həvəsli və istəkli olmalıdırlar. Çünki bu təkcə Ukraynanın taleyi deyil, bütövlükdə Avropanın təhlükəsizliyi və taleyinin həll olunması deməkdir”.
Niyaz Hacıyev
Sfera.az