Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyən edilir.


 


Sfera.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında yeni “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi müzakirə edilib.


 


Layihəyə əsasən, nəqliyyat-ekspedisiya müqaviləsində başqa hal nəzərdə tutulmaqdıqda, nəqliyyat-ekspedisiya müqaviləsinin icrası zamanı ekspeditor öz adından və ya müştərilərinin adından üçüncü şəxslərlə müqavilələr bağlamaq hüququna malikdir.


 


Nəqliyyat-ekspedisiya müqaviləsi ilə nəzərdə tutulan hallarda, eləcə də müqavilədə ekspeditora belə hüquq verilmədikdə müştəri tərəfindən verilən etibarnamə əsasında ekspeditor üçüncü şəxslərlə münasibətlərdə müştərinin adından hərəkət edir. Bu zaman ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müştərinin adından bağladığı bütün müqavilələrin əslini 5 (beş) gün ərzində müştəriyə təqdim etməlidir.




Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsində nəzərdə tutulmuş öhdəliklərinin icrası üçün başqa ekspeditor cəlb etdikdə müştərinin razılığı ilə əlavə nəqliyyat-ekspedisiya müqaviləsi bağlamalıdır. Bu halda digər ekspeditoru cəlb edən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən müştərinin hüquq və vəzifələrini əldə edir.


 


Adıçəkilən qanun layihəsi həmçinin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə ekspeditorun müştəri qarşısında məsuliyyətinin əsasları və dərəcəsi müəyyən edilir.


 


Qanun layihəsinə əsasən, ekspeditor özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən yükü qəbul etdikdən sonra nəqliyyat-ekspedisiya müqaviləsində göstərilən yükalana və ya onun səlahiyyətli nümayəndəsinə çatdıranadək həmin yükün itirilməsinə (məhv olmasına), əskik çıxmasına və ya zədələnməsinə (xarab olmasına) görə müştəri qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 859-cu maddəsinə uyğun olaraq  məsuliyyət daşıyır, bu şərtlə ki, yükün itirilməsinin (məhv olmasının), əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının) ondan asılı olmayan hallar nəticəsində, eləcə də qarşısıalınmaz qüvvə səbəbindən baş verdiyini sübut etməsin.


 


Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.


 


Firuzə Əliyeva

Sfera.az