Avropanın qlobal iqtisadi sistemdə əvvəlki çəkisini itirməsi ilə bağlı səslənən fikirlər beynəlxalq gündəmdə yeni müzakirələrə yol açıb. Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın Avropanın gələcəkdə Rusiya üçün strateji maraq dairəsindən çıxa biləcəyi ilə bağlı açıqlamaları fonunda Avropa–Rusiya münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi sualı aktuallaşır. Bu yanaşma yalnız iqtisadi balansların dəyişməsini deyil, həm də geosiyasi prioritetlərin yenidən formalaşmasını gündəmə gətirir.
Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Karin Knayslın bu yanaşması daha çox Moskvanın dünyanı öz prizmasından oxumaq vərdişinə uyğun gəlir, obyektiv iqtisadi analizə uyğun gəlmir.
Onun sözlərinə görə, Avropanın qlobal iqtisadi çəkisinin azalması barədə tezis qismən doğrudur, amma bu, Avropanın strateji əhəmiyyətini sıfırlamır:
“Rusiya üçün Avropanın “maraqsızlaşması” iddiası əslində Rusiyanın Avropa bazarlarını itirməsinin psixoloji təzahürüdür. Enerji, texnologiya və maliyyə baxımından Rusiya məhz Avropa ilə əlaqələri kəsdiyi üçün böhran yaşayır. Knaysl Avropanın zəifləməsini vurğulasa da, Rusiyanın sanksiyalar fonunda nə qədər daralan iqtisadi manevr imkanlarına malik olduğunu görməzdən gəlir. Avropa hələ də qlobal ticarətin, investisiyanın və normativ gücün əsas mərkəzlərindən biridir. Rusiya isə özünü “Avropaya ehtiyac duymayan güc” kimi təqdim etsə də, alternativ bazarlarla eyni dərinliyi yarada bilməyib. Bu tip açıqlamalar Moskvanın Qərbdən uzaqlaşmanı strateji seçim kimi göstərmək cəhdidir, halbuki reallıqda bu, məcburi geriçəkilmədir”.
Politoloq qeyd edib ki, Avropa-Rusiya münasibətlərinin gələcəyi Avropanın zəifləməsindən yox, Rusiyanın davranış modelindən asılıdır:
“Ukrayna müharibəsi göstərdi ki, problem Avropanın gücsüzlüyü deyil, Rusiyanın gücü yanlış qiymətləndirməsidir. Knayslın arqumentləri Avropanı deyil, daha çox Kremlin narrativini gücləndirir. Avropa iqtisadiyyatının transformasiyası davam edir, amma Rusiya iqtisadiyyatı köhnə resurs modelində ilişib qalıb. Bu reallıq fonunda Rusiyanın Avropaya “maraqsızlığı” iddiası inandırıcı səslənmir. Əksinə, Avropa Rusiyanın ən böyük itirdiyi strateji tərəfdaşdır. Gələcəkdə münasibətlərin normallaşması Avropanın deyil, Rusiyanın siyasətini dəyişib-dəyişməyəcəyindən asılı olacaq”.
Niyaz Hacıyev
Sfera.az