Belarus Prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmağı planlaşdırdığını açıqlayıb.


 


Onun sözlərinə görə, mümkün söhbət zamanı Venesuela ilə bağlı məsələlər də müzakirə oluna bilər. Lukaşenko Trampla bölüşmək istədiyi “çox maraqlı fikirlərinin” olduğunu da qeyd edib.


 


Venesuela mövzusu Lukaşenko-Tramp telefon danışığında hansı səbəblərdən gündəmə gələ bilər və Belarus prezidentinin “maraqlı fikirlər” deyərkən nəyi nəzərdə tutduğu ehtimal olunur?


 


Sfera.az-a məsələ ilə bağlı açıqlama verən politoloq Əli Mustafa bildirib ki, ABŞ ilə Venesuela arasında gərginlik hələ də davam edir:


 



 


“Məlum olduğu kimi, bir müddət əvvəl Donald Tramp və Nikolas Maduro arasında telefon danışığı baş tutmuşdu. Lakin bu təmaslara baxmayaraq, məsələ hələlik müsbət həllini tapmayıb və konkret nəticə ilə yekunlaşmayıb. Bununla belə, son dövrlər müəyyən nisbi sakitliyin yarandığı da müşahidə olunur. Venesuelanın Rusiya və digər avtoritar rejimlərlə, o cümlədən Belarusla yaxın əməkdaşlıq etdiyi məlumdur. Bu kontekstdə Belarus prezidenti Aleksandr Lukaşenkonun müəyyən vasitəçi rolunda çıxış etməsi ehtimalı da gündəmə gəlir.


 


Yəni o, Maduronun mümkün təkliflərini Trampa çatdıran və ya bir formada onların maraqlarının uzlaşdırılmasında vasitəçilik edə bilər. Son vaxtlar Belarus-ABŞ münasibətlərində də müəyyən istiləşmə müşahidə olunur. ABŞ Belarusa qarşı bəzi sanksiyaları qaldırır, Belarus Amerika isə jest olaraq ölkədəki siyasi məhbusların azad edilməsinə dair addımlar atır. Doğrudur, bu azadlıqların ölkədən çıxış şərti də var. Lakin sanki bir istiləşmə mövcuddur. Hətta bəzən deyirlər ki, Lukaşenko bu yolla öz gələcəyini sığortalamağa çalışır və Rusiyaya tam bağlı qalmağın risklərini nəzərə alaraq ABŞ ilə münasibətləri tənzimləməyə cəhd göstərir”.


 


Politoloq bu çərçivədə Belarus Prezidentinin konkret təkliflərlə çıxış etdiyini qeyd edib:


 


“Burada ABŞ ilə Venesuela arasında vasitəçilik təşəbbüsü ilə çıxış etsin. ABŞ-nin Venesueladan əsas və real tələbi isə ölkənin zəngin neft və qaz ehtiyatları ilə bağlıdır. Məhz bu resurslar Vaşinqtonun əsas diqqət mərkəzindədir. Lakin burada daha çox ABŞ Venesuelanı narkotik ticarətinə dəstək verməkdə ittiham edir və Nikolas Maduronun narkokartellərin başçısı kimi də təqdim edirlər. Ümumilikdə isə Vaşinqtonun Cənubi Amerika və bütövlükdə Qərb yarımkürəsi üzərində nəzarəti gücləndirmək istəyir və bu baxımdan onun həyati maraqları Amerika qitəsindədir. Görünür ki, Lukaşenko bundan yararlanmaq istəyir. Bir formada iki dövlət və iki lider arasında mümkün anlaşmanın formalaşmasında rol almağa, müəyyən uzlaşmanı qoruyub saxlamağa cəhd göstərir".


 


Fidan Hacızadə


Sfera.az