Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkarlanaraq mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan “F-16” qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.
Bu hadisə tək deyil. Ötən həftə Fransada nüvə elektrik stansiyası üzərində naməlum PUA zərərsizləşdirilib, Yaponiyanın hava sərhədlərinə yaxın zonalarda isə Çin və Rusiyaya aid hərbi təyyarələrin görünməsi qeydə alınıb.
Bundan əlavə, Çin qırıcı təyyarəsinin Yaponiyanın hərbi təyyarələrinə radar kilidi atması regionda gərginliyi daha da artırıb.
Böyük güclər arasında artan bu cür hava insidentləri yeni bir soyuq müharibə mərhələsinin əlamətidirmi? NATO ölkələrinin hava sərhədlərində müşahidə olunan bu hadisələr əslində Rusiyanın bir oyunu ola bilərmi?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli NATO ölkələrinin hərbi obyektləri üzərində naməlum uçan cisimlərin (PUA-ların) müşahidəsinin ciddi hadisə sayıldığını və bunun bir neçə mühüm aspekti ortaya qoyduğunu bildirib.
“Birincisi, bu fakt göstərir ki, NATO ölkələrinin müdafiə sistemləri müasir çağırışlara tam cavab verə bilmir və bu sistemlərdə müəyyən boşluqlar mövcuddur. Hər hansı texnoloji və ya idarəetmə boşluğu qarşı tərəf tərəfindən istismar edilə bilər ki, bu da regional və qlobal təhlükəsizlik baxımından ciddi risklər yaradır. Digər tərəfdən, bu hadisələr Qərb və Rusiya arasındakı qarşıdurmanın artıq yalnız diplomatik və siyasi səviyyədə deyil, hərbi vasitələrlə də özünü göstərməyə başladığını göstərir. Ukrayna müharibəsi kontekstində Rusiya belə addımlar atmaqla qarşı tərəfdə psixoloji təzyiq yaratmağa çalışır. Naməlum uçan cisimlər və qırıcı təyyarələrin rəqib dövlətlərin hava məkanına yaxınlaşması, əsasən qərb ölkələrində narahatlıq və qorxu mühitinin formalaşmasına xidmət edir. Bu isə Rusiya üçün strateji üstünlük yaradır: qarşı tərəf sülh prosesində müəyyən güzəştlərə getməyə məcbur ola bilər”.
Politoloqun sözlərinə əsasən, belə hərəkətlər həm də daha geniş bir geosiyasi konteksti əks etdirir:
“Dünyada uzun müddətdir ki, soyuq müharibənin əlamətləri müşahidə olunur. Soyuq müharibə faktiki olaraq davam edir və yeni texnologiyalar, kibertəhlükəsizlik və hərbi strategiyalar bu qarşıdurmanın təzahürü kimi çıxış edir. Hazırkı vəziyyət onu göstərir ki, istənilən yanlış addım və ya yanlış hesablama qlobal miqyaslı münaqişəyə, hətta hərbi toqquşmaya çevrilə bilər. Ən təhlükəli məqam isə odur ki, hazırda qarşıdurma təkcə hərbi və siyasi sahədə deyil, həm də informasiya, texnologiya və iqtisadi sahədə də özünü göstərir. Bu isə dünya səviyyəsində gərginliyi artırır və böyük dövlətlərin strateji manevrlərinin təsirini daha geniş göstərir. Belə çıxır ki, naməlum PUA-ların müşahidəsi sadəcə bir insident deyil, həm də NATO və Rusiya arasındakı geosiyasi və hərbi qarşıdurmanın real və davamlı əlamətidir. Bu vəziyyət qlobal təhlükəsizlik üçün ciddi xəbərdarlıq rolunu oynayır və beynəlxalq cəmiyyətin müdafiə və diplomatik tədbirlərini daha da gücləndirməsini tələb edir”.
Bəsti Rəfizadə
Sfera.az