Rusiya xarici işlər naziri Sergey Lavrovun Qərbin Xəzər regionunda “beşli” formatını zəiflətməyə çalışdığı ilə bağlı açıqlamaları Moskvanın regional təhlükəsizlik və geosiyasi balanslarla bağlı narahatlıqlarını bir daha gündəmə gətirib. Lavrovun Qərbi Xəzəryanı dövlətlərin konsensusuna zidd addımlar atmaqda ittiham etməsi fonunda əsas sual aktuallaşır: Rusiya Xəzər hövzəsində hansı dəyişiklikləri qəbuledilməz sayır və bu regionda hansı maraqlarının təhlükə altında olduğunu düşünür?
Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İranın Dövlət Radiosuna verdiyi müsahibə zamanı Xəzər hövzəsi ilə bağlı səsləndirdiyi fikirlər Moskvanın mövcud tendensiyalardan qaynaqlanan narahatlıqların ifadəsidir.
Onun sözlərinə görə, Rusiya və İran birmənalı olaraq üçüncü qüvvələrin Xəzər hövzəsində varlıq göstərməsinin əleyhinədir:
“Onlar üçün fundamental xətt bəllidir və bunu hər fürsətdə dilə gətirir, mövcud status-kvonunu saxlamağa çalışırlar. Yəni, İran və Rusiya Qərbin Xəzər regionuna siyasi, iqtisadi, enerji-nəqliyyat layihələri və onlardan qaynaqlanan təhlükəsizlik mexanizmləri fonunda daxil olmasına əngəl olmağa çalışırlar. Təbii ki, hər iki ölkə məsələyə məhz hüquqi status prizmasından müdaxilə edir”.
Müsahibimizin sözlərinə görə, heç kimə sirr deyil ki, Birləşmiş Ştatların və Avropa İttifaqının məhz bu regionda xüsusi maraqları var:
“Burada Xəzər hövzəsi dedikdə ümumi region, Xəzər sahili, Cənubi Qafqaz, Orta Asiya nəzərdə tutulur ki, Birləşmiş Ştatların Türkiyə səfiri Tom Barakın son zamanlar səsləndirdiyi fikirlər məsələnin mahiyyətini aydınlaşdırmağa kifayət edir. Mövcud maraqlar təkcə nəqliyyat dəhlizləri və enerji mənbələri ilə kifayətlənmir. Burada əsas gündəmdə olan məsələlər nadir torpaq elementləri, nüvə enerjisi üçün zəruri olan uran mənbələri və s. daxildir. Təbii ki, Kreml situasiyaya məhz köhnə narrativlər prizmasından yanaşır və Qərbin regionda varlığını qəbul edə bilmir. Ancaq geosiyasi və geoiqtisadi dinamika fərqlidir və Qərbin bölgədə varlığı artıq qarşısı alınmaz reallıqdır”.
Niyaz Hacıyev
Sfera.az