Yeni ilə doğru insanlar adətən özlərinə hədəflər müəyyənləşdirir, planlar qurur. Lakin əksər hallarda ilin sonunda bu qərarlar motivasiya ilə verilmiş olsa da, reallaşmır və insanlar onlara əməl etməkdə çətinlik çəkir. Belə vəziyyət sual yaradır: ilsonu hədəflər müəyyənləşdirərkən nələrə diqqət etməliyik? Bəzi şüuraltı və davranış mütəxəssisləri isə “wish map” hazırlayaraq hədəflər qoymağı tövsiyə edir. Bu metod nə dərəcədə effektivdir və insanın davranışına hansı təsiri var?




Psixoloq Dilruba Həsənova Sfera.az-a açıqlamasında bildirib ki, insanlar hədəfləri əsasən istək səviyyəsində qoyur, davranış səviyyəsini nəzərə almır:




"Yeni il insanda “təmiz səhifə” hissi yaradır. Amma sadəcə tarix dəyişməsi beyin üçün kifayət deyil. Davranışı dəyişmək üçün gündəlik vərdişlər, emosional ehtiyaclar və daxili güc nəzərə alınmalıdır. Bunlar olmadan verilən qərarlar yalnız niyyət olaraq qalır". 


 


Psixoloqa görə, motivasiya əsas amil deyil:


 


"Motivasiya müvəqqəti hissdir, qalxır və enir. Davranış sistemi isə sabit olmalıdır. İnsan motivasiyaya güvənib plan quranda, ilk çətinlikdə geri çəkilir. Çünki beyin dəyişiklikdən qorxur və tanış olanı təhlükəsiz sayır. Ona görə də ilin sonunda verilən qərarların çoxu həyata keçmir. Əvvəlcə insan özündən soruşmalıdır: “Bu hədəf mənim ehtiyacımdır, yoxsa sadəcə sosial tələbdir?” Çox vaxt insanlar öz istəklərini yox, “olmalı olan” hədəfləri seçirlər: arıqlamaq, uğurlu olmaq, çox qazanmaq. Amma beyin süni hədəflərlə işləmək istəmir".


 



 


Psixoloq vurğulayıb ki, hədəf insanın kimliyinə uyğun olmalıdır:


 


"“Mən idman edəcəyəm” deməkdənsə, “mən həyatımda hərəkətə yer ayıran biriyəm” demək daha realdır. Kimlik dəyişmədən davranış dəyişmir. Beyin böyük planlardan qorxur, amma kiçik addımlara müqavimət göstərmir.


“Wish map” barədə isə psixoloq deyir: problem onun necə təqdim olunmasındadır. Sadəcə şəkil yapışdırmaqla həyat dəyişməz. Şüuraltı yalnız arzu ilə yox, təkrar olunan davranışla formalaşır. “Wish map” yalnız emosional istiqamət verib konkret davranışla dəstəklənəndə işləyir. Əks halda insanı hərəkətə yox, xəyala alışdırır. Psixoloq öz hədəflərini “psixoloji reallıq xəritəsi” ilə qurur və üç sualdan başlayır: Bu il məni ən çox nə yorub? Nəyi dəyişməsəm, gələn il də eyni nəticəni alacağam? Həqiqətən nəyə gücüm çatır?"


 


Onun fikrincə, hədəf insanı yormamalıdır, əksinə daha funksional etməlidir:


 


"Sağlam hədəf insanı dürüst olmağa vadar edir, iddialı olmağa yox. Məsələn, hər gün idman etmək əvəzinə, həftədə üç gün beş dəqiqə hərəkət etmək. Belə olanda beyin müqavimət göstərmir, davamlılıq yaranır. Davamlılıq isə tədricən kimliyi dəyişir. Yeni ili mükəmməl versiya yaratmaq üçün yox, özünlə daha dürüst münasibət qurmaq üçün fürsət kimi görmək lazımdır. Dəyişiklik birdən olmur, amma real hədəf insanı qorxutmur, hərəkətə yaxınlaşdırır. Beyin məcburiyyətlə yox, anlaşılmaqla dəyişir".




Niyaz Hacıyev

Sfera.az