2025-ci il Azərbaycan iqtisadiyyatı üçün xarici maliyyə tarazlığı baxımından riskli siqnallarla yadda qalır. Qlobal enerji bazarlarında qiymət dalğalanmaları, neft hasilatının mərhələli azalması, eyni zamanda idxalın həcminin artması ölkənin xarici iqtisadi göstəricilərinə birbaşa təsir göstərməkdədir. Məhz bu fon üzərində tədiyə balansında ardıcıl ikinci ildir qeydə alınan kəsir iqtisadçılar və bazar iştirakçıları üçün ciddi müzakirə mövzusuna çevrilib.




Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk 9 ayında Azərbaycanın tədiyə balansında 1,12 milyard dollardan çox kəsir yaranıb. Halbuki ötən ilin yekununda bu göstərici xeyli aşağı - 438 milyon dollar səviyyəsində olmuşdu. Kəsirin qısa müddətdə bu qədər dərinləşməsi manatın məzənnəsinə mümkün təzyiqlər, valyuta axınlarının davamlılığı və maliyyə sabitliyi ilə bağlı sualları aktuallaşdırır. Ekspertlər hesab edir ki, yaranmış vəziyyət təkcə statistik rəqəmlərlə məhdudlaşmır, eyni zamanda iqtisadi modelin struktur problemlərini də üzə çıxarır.




Belə olan halda əsas suallar ortaya çıxır: tədiyə balansındakı kəsiri aradan qaldırmaq üçün nə edilməlidir?


 


Mövzu ilə bağlı Sfera.az-a açəqlama verən Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı  Natiq Cəfərli bildiirb ki, tədiyə balansında kəsirin yaranmasının əsas səbəbi ölkənin satdığı neft və neft məhsullarının həcminin azalmasl və dəyərinin düşməsidir. 


 



 


Onun sözlərinə görə, ökəmizə idxal edilən məhsulların həcmində ciddi artım var: 


 


“Tədiyə balansı dedikdə ticarət, xidmət əməliyyatlarının balansı, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin dividentlərdən əldə etdikləri gəlirlərinn ölkədən çıxarılması, başqa ölkələrə qoyulan investisiyalar və s. kimi bir çox məsələlər daxildir. Ölkədə gəlir azaldıqdca tədiyə balansında mənfi saldo yananma ehtimalı olur. Hələlik ticarət banalsında mənfi saldo müşahidə edilmir, az da olsa müsbət saldo qalıb. Bu ondan xəbər verir ki, gələcəkdə ticarət balansında da mənfi saldoya getmək təhlükəsi yaranır. Bizim satdığımız məhsulların həcmi və dəyəri azalsa da, aldığımız məhsulların həcmi və dəyəri artır”.


 


İqtisadçının fikrincə, ixracın azalması fonunda idxalın artması tədiyə balansına mənfi təsir göstərir. 




O hesab edir ki, tədiyə balansında kəsirin yaranmaması üçün fundamental həll yolu tapılmalıdır. İqtisadçının qənaətincə, burada fundamental həlli yolu ölkədəki yerli istehsalın artırılması, ölkə investisiyaların cəlb olunmasıdır. N.Cəfərli bu istiqamətdə görünən işlərin hələ yetərli səviyyəyə çatmadığını vurğuladı.


 


Firuzə Əliyeva

Sfera.az