Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər artaraq 0,3% artım göstərib. Ümumilikdə 2025-ci il noyabrın 1-i vəziyyətinə əhalinin sayı 10 256 998 nəfərə çatıb.


 


Statistik göstəricilərdən də görünür ki, əvvəlki illərlə müqayisədə əhali artımında azalma müşahidə olunur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali 37766 nəfər, yəni 0,4% artmışdı, 2023-cü ildə isə artım 53625 nəfər, yəni 0,5% təşkil etmişdi.


 


Nəticə onu göstərir ki, Azərbaycan əhalisi mütəmadi olaraq artmaqdadır, lakin illik artım tempi getdikcə aşağı düşür. Maraqlıdır, əhalinin artma tempinin azalmasının səbəbləri nələrdir? Bu hal gələcəkdə demoqrafik göstəricilərə necə təsir edəcək?


 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Firuzə Əliyeva, əhali artım tempinin azalmasının əsas səbəblərindən birinin doğum səviyyəsinin enməsi və nikahın gecikməsi ilə bağlı olduğunu qeyd edib.


 



 


Onun sözlərinə əsasən, müasir Azərbaycan gəncliyi əvvəlki nəsillərlə müqayisədə ailə və valideynlik qərarlarını daha gec mərhələyə saxlayır:


 


“Təhsil müddətinin uzanması, əmək bazarında möhkəmlənmək istəyi, karyera və maddi sabitlik axtarışı nikaha daxil olma yaşını yüksəldir. Bu isə təbii olaraq bir ailədə doğulan uşaqların sayının azalmasına gətirib çıxarır. Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə məlumatları da bunu dolayısı ilə təsdiqləyir. Belə ki, 15-29 yaş qrupunda nikaha daxil olanların sayı hələ də yüksək olsa da, bu yaş qrupunda boşanmaların əsasən nikahın ilk 1-3 ili ərzində baş verməsi diqqət çəkir. Bu fakt göstərir ki, gənc yaşda qurulan ailələr sosial və psixoloji adaptasiya mərhələsini hər zaman uğurla keçə bilmir. Xüsusilə 25-29 yaş qruplarında boşanmaların üstünlük təşkil etməsi nikah qərarlarının bəzən kifayət qədər düşünülmədən verildiyini və ya ailə həyatına hazırlığın yetərli olmadığını göstərir”.


 


Sosioloqun fikirlərinə əsasən, digər mühüm məqam isə iqtisadi amillərdir:


 


“Mənzil problemi, artan yaşayış xərcləri, qeyri-sabit gəlir perspektivi ailə qurmaq və uşaq sahibi olmaq qərarlarını ciddi şəkildə təsir altına alır. Müşahidələr göstərir ki, maddi qeyri-müəyyənlik şəraitində insanlar uzunmüddətli öhdəliklərdən, xüsusilə valideynlik məsuliyyətindən çəkinməyə meyilli olurlar. Bu vəziyyət nikahların sayına deyil, daha çox nikahların davamlılığına və uşaq sayına təsir edir. Məsələyə psixoloji tərəfdən yanaşdıqda isə gənclər arasında artan stress, sosial müqayisə və yüksək gözləntilər mühüm rol oynayır. Sosial media və müasir həyat tərzi “ideal ailə”, “ideal həyat yoldaşı” obrazını formalaşdırır. Bu da real münasibətlərdə məyusluq riskini artırır. Nəticədə nikahın ilk illərində emosional gərginlik və konfliktlər dərinləşir, bu isə boşanmaların erkən mərhələdə baş verməsinə səbəb olur. Statistik məlumatlarda diqqət çəkən başqa bir məqam da 15-29 yaşda olan əhalinin nikah vəziyyətidir. Bu yaş qrupunda subayların payı ildən-ilə artır, nikahlıların payı isə tədricən azalır. Bu tendensiya Qərb ölkələrində müşahidə olunan proseslərlə oxşarlıq təşkil edir. Məsələn, Avropa İttifaqı ölkələrində də nikah yaşı yüksəlib, ailə qurmaq və uşaq sahibi olmaq daha gec mərhələyə keçib. Fransa kimi ölkələrdə yalnız güclü sosial dəstək və ailə siyasəti hesabına doğum səviyyəsi nisbətən sabit saxlanıla bilib. Türkiyədə isə son illər doğum səviyyəsinin sürətlə azalması demoqrafik yaşlanma riskini daha tez gündəmə gətirib”.


 


F.Əliyeva Azərbaycan üçün mühüm göstəricilərdən birinin də iqtisadi rayonlar üzrə gənclərin ümumi əhalidə xüsusi çəkisi olduğunu vurğulayıb. Onun fikrincə, bəzi regionlarda 14-29 yaş qrupunun payı hələ də yüksəkdir, lakin iri şəhərlərə və xaricə miqrasiya bu balansı tədricən pozur:


 


“Gənclərin müəyyən ərazilərdə azalması gələcəkdə həmin regionlarda əmək bazarı, sosial xidmətlər və iqtisadi aktivlik baxımından problemlər yarada bilər. Bütün bu proseslərin məntiqi nəticəsi ondan ibarətdir ki, əgər mövcud tendensiya davam edərsə, orta və uzunmüddətli perspektivdə əhalinin yaşlanması qaçılmaz ola bilər. Hazırda Azərbaycan gənc əhali üstünlüyünü qoruyur, lakin doğum səviyyəsi əvəzləmə səviyyəsindən aşağı düşərsə, gələcəkdə əmək qabiliyyətli əhalinin payı azalacaq, yaşlı əhalinin çəkisi artacaq. Son beş ilin demoqrafik dinamikasına təsir edən fövqəladə hadisələr də xüsusi qeyd olunmalıdır. COVID-19 pandemiyası dövründə Azərbaycanda da minlərlə insan həyatını itirdi.


 


Pandemiya əsasən yaşlı və xroniki xəstəliyi olan insanları daha çox təsirləndirsə də, bu dövrdə gənc və orta yaşlı əhali arasında da ölüm hallarının artması müşahidə olundu. Bu itkilər təbii artım balansına birbaşa təsir göstərdi və sonrakı illərdə statistik artım tempinin aşağı düşməsində rol oynadı. Bununla yanaşı, 44 günlük Vətən müharibəsi və daha sonra həyata keçirilən anti-terror əməliyyatları da demoqrafik struktura təsirsiz ötüşməyib. Müharibə zamanı və ondan sonrakı dövrdə əsasən gənc və orta yaşlı kişilər arasında baş verən itkilər cəmiyyətin ən aktiv, əməkqabiliyyətli və reproduktiv potensiala malik hissəsinə təsir göstərdi. Sosioloji baxımdan bu cür itkilər təkcə ümumi əhali sayına deyil, həm də gələcək doğum potensialına təsir edən amillərdən hesab olunur. Digər mühüm faktor isə son illər dünyada və regionda xəstəliklərin artması və ölüm yaşının “cavanlaşması”dır".


 


Müsahibimiz gənclərin sosial rifahı məsələsindən də söz açıb:


 


"Qeyri-infeksion xəstəliklərin, yəni ürək-damar problemləri, onkoloji xəstəliklər, diabet və digər xroniki xəstəliklərin daha gənc yaşlarda müşahidə olunması artıq qlobal tendensiyadır. Bunun səbəbləri arasında stressli həyat tərzi, qeyri-sağlam qidalanma, fiziki passivlik, ətraf mühit amilləri və psixoloji gərginlik dayanır. Bu proses Azərbaycanda da hiss olunur və orta yaşdan əvvəl ölüm hallarının artması demoqrafik tarazlığa mənfi təsir göstərir. Bütün bunlar onu göstərir ki, əhali artım tempinin zəifləməsi yalnız reproduktiv davranışların dəyişməsi ilə bağlı deyil. Şübhəsiz ki, nikahın gecikməsi, gənc ailələrdə uşaq sayının azalması, 15-29 yaş qrupunda boşanmaların nikahın ilk illərində baş verməsi mühüm faktorlardır. Lakin paralel olaraq ölüm göstəricilərinin artması, fövqəladə itkilər və sağlamlıq risklərinin yüksəlməsi də bu mənzərənin ayrılmaz hissəsidir. Bu tendensiyanın qarşısını almaq üçün yalnız maddi stimullar deyil, eyni zamanda gənclərin sosial rifahını, psixoloji dayanıqlığını və ailə həyatına hazırlığını gücləndirən kompleks yanaşma zəruridir. Bu baş vermədiyi təqdirdə, bu gün zəif görünən demoqrafik dəyişikliklər gələcəkdə daha ciddi sosial-iqtisadi çağırışlara çevrilə bilər”.


 


Bəsti Rəfizadə


Sfera.az