Valideyn-övlad münasibətlərinin təməlində güvən dayanır. Uşaq üçün valideyn yalnız qayğı göstərən şəxs deyil, eyni zamanda sözünə inanılan, davranışları ilə dünyanı izah edən əsas nümunədir.
Lakin gündəlik həyatda bir çox valideyn övladını sakitləşdirmək və ya nəyəsə razı salmaq üçün “kiçik yalanlara” əl atır. “Yeməyini ye, parka aparacam”, “İndi yat, duranda sənə şokolad verəcəm”, “Qorxma, həkim heç nə etməyəcək” kimi ifadələr vaxt qazanmaq üçün deyilən adi sözlər kimi qəbul olunur. Ancaq uşaq bu vədlərin ardıcıl şəkildə yerinə yetirilmədiyini gördükdə, məsələ sadə bir məişət üsulu olmaqdan çıxır.
Valideyn sözünün dəyərdən düşməsi uşağın şüuraltısında güvən hissini zəiflədə, onun gələcək münasibətlərində iz buraxa bilər. Mütəxəssislər hesab edir ki, erkən yaşlarda yaşanan bu cür məyusluqlar insanın sosial davranışlarına və emosional təhlükəsizlik hissinə birbaşa təsir göstərə bilər.
Həqiqətən, yerinə yetirilməyən vədlər uşağın valideynə olan güvənini zəiflədə bilərmi? Uşaq böyüdükcə yalanı normal ünsiyyət forması kimi qəbul edə bilərmi?
Məsələ ilə bağlı psixoloq Ülkər Məhərrəmova Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, valideyn-övlad münasibətlərində, ümumilikdə isə övlad tərbiyəsində valideynlər uşaqlar üçün əsas rol modeli hesab olunur.
“Uşaqlar valideynlərin hər bir davranışını diqqətlə müşahidə edir və məhz bu müşahidələr əsasında öz davranışlarını formalaşdırırlar. Bu baxımdan valideynlərin verdiyi vədlər uşağın valideynə olan güvəninə birbaşa təsir göstərir. Əgər valideyn uşağa “yeməyini ye, səni parka aparacağam” və ya “dərslərini yaxşı oxu, istədiyin oyuncağı alacağam” deyib, sonradan bu vədləri yerinə yetirmirsə, bu, uşağın emosional təhlükəsizlik hissini zədələyir. Uşaq valideynin yanında özünü güvəndə hiss etmir, emosional bağlılıq zəifləyir və inamsızlıq formalaşır. Davamlı olaraq boş vədlərlə qarşılaşan uşaqda valideynə qarşı güvən bağı qırılır. Halbuki uşağın həyatda ilk güvən modeli məhz ana və atadır. Bu bağ zədələndikdə uşaq gələcəkdə həyata və insanlara güvənməkdə çətinlik çəkir”.
Mütəxəssisin sözlərinə əsasən, bu hal xüsusilə 2-7 yaş dövründə daha qabarıq şəkildə özünü göstərir:
“Məsələn, ana uşağa “səni həkimə aparmayacağam, qorxma” deyib sonradan həkimə aparırsa, uşaq həm aldadıldığını hiss edir, həm də öz duyğularının yanlış olduğu düşüncəsinə qapılır. Bu isə onda güvən əksikliyi yaradır. Nəticədə bu uşaqlar yeniyetməlik və yetkinlik dövründə özünə inamsızlıq, sosiallaşma çətinlikləri və münasibətlərdə problemlərlə üzləşə bilirlər. Buna görə də mütəxəssislər valideynlərə daim tövsiyə edirlər ki, edə bilməyəcəkləri vədləri uşaqlara verməsinlər. Əgər hansısa səbəbdən vəd yerinə yetirilmirsə, uşağı “yola vermək” əvəzinə, ondan üzr istəmək və vəziyyəti açıq şəkildə izah etmək daha sağlam yanaşmadır. Məsələn, “Bu gün parka gedə bilmədik, üzr istəyirəm. Növbəti dəfə mütləq gedəcəyik” demək və bu sözü tutmaq uşağın güvən hissini qoruyur. Həkimə apararkən isə “Sənin sağlamlığın mənim üçün çox önəmlidir, bu müayinə sənin yaxşı olmağın üçündür” kimi açıq və səmimi izahlar uşağın həm duyğularını tanımasına, həm də valideyninə güvənməsinə kömək edir. Valideyn uşağa “mən sənin yanındayam, ağrı müvəqqətidir” mesajını verdikdə, uşaq özünü tək hiss etmir. Əks halda, yalan vədlər və aldadıcı davranışlar uşağa yalanın problemi həll edən bir vasitə olduğu düşüncəsini aşılayır və bu da zamanla onun davranış modelinə çevrilə bilər. Valideynlik bacarıqları valideyn məsuliyyətindən qaynaqlanır. Bu məsuliyyət övladın yanında olmaq, onu anlamaq və duyğularına diqqət göstərməkdən başlayır. Valideyn öz bacarıqlarını inkişaf etdirdikcə, övladını cəmiyyətə daha sağlam şəkildə hazırlaya bilir”.
Ü.Məhərrəmova bildirib ki, unutmaq olmaz ki, uşağın 0-2 yaş dövrü həyata güvənli bağlanmanın formalaşdığı mərhələdir:
“2-7 yaş dövrü isə ailədə doğru tərbiyə, həyata və cəmiyyətə hazırlıq dövrü hesab olunur. Daha sonra bağça və məktəb gəlir, lakin uşağın ilk məktəbi ailədir. İlk müəllimləri isə anası və atasıdır. Bu səbəbdən uşaqların düzgün yönləndirilməsi, duyğularını tanıması və özünü güvəndə hiss etməsi onların gələcəkdə cəmiyyətdə sağlam, məsuliyyətli və düzgün mövqe tutmasına zəmin yaradır”.
Bəsti Rəfizadə
Sfera.az